"20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən dəyirmi masada Ulu Öndərin bu sahədə olan xidmətlərindən danışılıb
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən mədəniyyət müəssisələrində də silsilə tədbirlər keçirilir.
Növbəti tədbir yanvarın 12-də Qazax Rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.
"20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən dəyirmi masada mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər zaman hər kəsin gözləri önündədir. Heydər Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb. Bu faciənin xalqımızın həyatında böyük hüzn yaratmasına baxmayaraq, Ümummilli Lider həmin günü xalqımızın qürur günü və tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib. Həmin vaxt ciddi nəzarətdə olan Ümummilli Lider faciənin səhəri günü bütün maneələrə baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Məhz Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini alıb.
Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova çıxışında bildirib ki, Heydər Əliyevin zəngin həyat yolu, müstəsna fəaliyyəti dövlətinə və xalqına sıx bağlılığın bariz nümunəsidir. Dahi şəxsiyyət hər zaman 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının artırılmasına xüsusi diqqət yetirib. Bu gün Şəhidlər xiyabanında ucalan "Əbədi məşəl" abidə kompleksi də Heydər Əliyevin təşəbbüsü ilə ucaldılıb. Bu da Ulu Öndərin 20 Yanvar şəhidlərinin xatirəsinə olan ehtiramının təzahürüdür.
Digər çıxış edənlər də Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Sonda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ürkməzli kənd Sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova 20 Yanvara həsr etdiyi şeirini söyləyib.
Facebook-da paylaş