• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz ziyarət edilib


12 dekabr tarixi şəxsiyyət, böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin anım günüdür. Müstəqil dövlətimiz dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ən böyük azərbaycanlı olduğunu təcəssüm etdirərək dövlətçilik strategiyasının ali məqsədi kimi Azərbaycan xalqına sədaqətlə xidmət etdi. Heydər Əliyev həm də bir dahi idi. Ulu Öndərin dahiliyinə möhtəşəmlik, gücünə və qüdrətinə əbədilik, şəxsiyyətinə müdriklik verən, Ona ehtiram qazandıran, Ulu Öndər və Ümummilli Lider zirvəsinə yüksəldən, tarixin ölməzlik rəmzinə çevirən şəxsiyyət xüsusiyyətlərindəki böyüklüyüdür. Heydər Əliyev hər zaman xalqına arxalandı, xalqı da heç vaxt ondan öz dəstəyini əsirgəmədi. Ən ağır məqamlarda xalq olaraq əmin olduq ki, Heydər Əliyev xalqın maraqlarını qoruyacaq və ən düzgün qərarı verəcək. 

Hər il olduğu kimi bu il də xalqımız Ulu Öndərin əbədiyyətə qovuşduğu günün ildönümü ərəfəsində Ümummilli Liderimizin ölməz xatirəsini sonsuz ehtiramla yad edirlər. Tər çiçək dəstələri ilə abidəsini ziyarət edir, adını daşıyan muzeydə Ulu Öndərin mənalı həyatının müxtəlif anlarını əks etdirən mühazirələr dinləyir, filmlərə baxır, kitab sərgisi ilə tanış olurlar. 

Dekabrın 8-də 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinin, Qazax Melioservis İdarəsinin, Qazax Elektrik Şəbəkəsinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Qazax rayon Daş Salahlı kənd mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Ulu Öndərin anım günü ilə əlaqədar dahi şəxsiyyətin abidəsini və Muzeyi ziyarət ediblər. 

Ziyarətçilərə Ümummilli Liderin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti haqqında geniş məlumat verilib. Ümumi bir fikir ifadə olunub ki, Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyini, bütün sahələrdə inkişafını və tərəqqisini Ulu Öndərin adı və imzası olmadan təsəvvür etmək mümkün deyil. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxa bildi və müstəqil dövlət quruculuğu prosesinə qədəm qoydu. Bu gün Azərbaycan inkişaf etməkdədir, ən uca zirvələrə yüksəlməkdədir, öz nüfuzunu daha da möhkəmlətməkdədir. Bu gün Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsasıdır. Bütün bu tarix bizim qürur mənbəyimizdir.  

GOYEZEN.AZ



Facebook-da paylaş