• Təqvim

  • Maraq



Qlobal Bakı Forumu Azərbaycanın mədəni, iqtisadi, siyasi baxımdan gücünü dünyaya bir daha nümayiş etdirir


Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-cü ildən bəri müxtəlif qlobal məsələlərə həsr olunmuş sayca 8 forum keçirilmişdir. Forumun əsas təşəbbüskarlarından biri Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən təsis edilib. Hazırda Prezidentin dəstəyi və himayədarlığı ilə öz fəaliyyətini davam etdirir və Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Bu cür forumların Azərbaycanda keçirilməsi ölkəmizin mədəni, iqtisadi, siyasi baxımdan gücünü dünyaya bir daha nümayiş etdirir.

16 iyun 2022-ci il tarixində Bakı Qlobal Forumunun növbəti - IX toplantısı keçirilmiş və bu dəfəki Forumun mövzusu "Qlobal dünya nizamına təhdidlər” başlığı altında reallaşmışdır. Ənənəvi olaraq Prezident İlham Əliyev Forumda iştirak etmiş və geniş nitqlə çıxış etmişdir.

Prezident çıxışında Forumun aktuallığı, post müharibə dövründə Azərbaycan, hazırkı dünya böhranı, təhlükəsizlik məsələləri, yeni kommunikasiyalar, Ermənistanla münasibətlər, Zəngəzur dəhlizi və digər vacib mövzular barədə ətraflı təhlillər və ciddi mesajlar vermişdir. Forumun əhəmiyyətindən danışan ölkə başçısı bildirmişdir ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir.

Enerji bazarlarındakı vəziyyət barədə danışan Prezident İlham Əliyev qeyd etmişdir ki, mövcud vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır.

Azərbaycanın möhtəşəm qələbəsindən danışan dövlətimizin başçısı qürurla vurğuladı ki, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.

Prezident otuzillik işğalın ağır nəticələrinə də toxunmuş və bildirmişdir ki, Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir. Atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir.

Prezident İlham Əliyev çıxışında həmçinin ATƏT-dən mandat almış Minsk qrupunun 28 il ərzində heç bir nəticə əldə etmədiyini vurğulamış və bildirmişdir ki, Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Münaqişə həll olunub. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu funksiyasını itirib. Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü.

Yeni kommunikasiyaların açılmasına da toxunan ölkə başçısı bildirdi ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır. Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

"Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq”, - deyən dövlətimizin başçısı həmçinin qeyd etdi ki, Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş