Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir
salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın
xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən
bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini
qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət
mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və
Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən
ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami
Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin
zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir
ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və
muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan
vermişdir. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət
mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması
sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək
qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və
kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə
yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə
məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan
Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford
Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman
təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi
və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə
həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli
lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin
təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha
da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və
təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu
Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley
mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci
ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş
qeyd edilmişdir. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin
anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz
və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi
keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti
kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram: 1. 2021-ci
il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli” elan edilsin. 2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Nizami Gəncəvi İli” ilə bağlı
tədbirlər planı hazırlayıb həyata keçirsin. İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti Bakı şəhəri,
5 yanvar 2021-ci il.
Facebook-da paylaş