Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində
dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də
insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan
Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.
Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta
təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli
şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi
və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı
çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə
çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı
tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə
dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən,
kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində
silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq
obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli
ucaldılmışdır. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin
vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk
dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir. 2019-cu ildə Nəsiminin anadan olmasının 650
illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar
hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650
illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689
nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq
tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Nəsimi irsinin müasir humanitar düşüncənin
tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği
baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 2019-cu il Azərbaycan Respublikasında "Nəsimi
ili” elan edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 yanvar 2019-cu il.
Facebook-da paylaş