Qazaxda "İmadəddin Nəsimi - 650 illik DƏYƏR" adlı sənədli filmin təqdimatı olub
Azərbaycan
xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş
mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların
mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının
mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı
uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin
ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 2019-cu
ildə isə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bu əlamətdar hadisənin
dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Respublika Prezidenti
İlham Əliyev tərəfindən "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik
yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli
Sərəncam imzalanmışdır. Bundan əlavə, 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan
olunmuşdur. Bu, isə ölkə başçısının Azərbaycan ədəbiyyatına, şairlərinə, söz
adamlarına verdiyi ən böyük qiymətdir. Həmin sərəncamdan irəli gələn
vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi
tapşırılmışdır. Verilən tapşırıq və tövsiyələrə uyğun olaraq şair İmadəddin
Nəsiminin 650 illik yubileyi respublikamızda silsilə tədbirlərlə qeyd olunur.
Bu gün Qazaxda Azərbaycan Respublikası
Gənclər Fondunun maliyyə dəstəyi ilə "Odlar Yurdu" Gənclər İctimai
Birliyi tərəfindən reallaşan "İmadəddin Nəsimi - 650 illik DƏYƏR"
adlı layihə çərçivəsində eyni adlı filmin təqdimat mərasimi keçirilib. Qazax
Gənclər Mərkəzində keçirilən tədbirdə təhsil işçiləri, gənclər, KİV
nümayəndələri iştirak ediblər.
Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək qonaqları
salamlayıb, "Odlar
Yurdu” Gənclər İctimai Birliyinin həyata keçirdiyi çoxsaylı layihələrdən söz
açıb. Fəaliyyətə başladıqları ilk gündən gənclərin milli, mənəvi dəyərlər
əsasında formalaşmalarında maraqlı layihələr həyata keçirdiklərini bildirib. Şərq
xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi
yaradıcılığı haqqında həyata keçirilən layihənin də həmin uğurlu layihələrdən
biri olduğunu qeyd edib və təşkilatçılara uğurlar arzulayıb. Bu cür layihələrin
gənclərin öz tarixi köklərinə sahib çıxmalarında böyük əhəmiyyət kəsb etdiyini
vurğulayıb.
Tədbirin
aparıcısı Sona Söhbətova çıxış edərək təqdimatı olan film haqqında gənc olaraq
fikirlərini bölüşüb və layihə haqqında ətraflı məlumat vermək üçün sözü "Odlar
Yurdu” Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Nigar Ələsgərovaya
verib.
Birliyin
sədri Nigar Ələsgərova çıxış edərək qeyd edib ki, "Odlar Yurdu"
Gənclər İctimai Birliyinin prioritet istiqamətlərindən biri "aktiv
vətəndaşlıq"dır və bu istiqamət çərçivəsində birlik ölkədə həyata
keçirilən dövlət gənclər siyasətinin icrasına töhfə verməyə, icrası aktuallıq
kəsb edən mövzularla bağlı gənclərin maariflənməsinə xidmət etməkdədir. Bu
səbəblə də 2019-cu ilin "Nəsimi ili"
elan olunmasını əsas tutaraq cari layihənin həyata keçirildiyini bildirib.
Layihə çərçivəsində "İki aləmdə varım…” adlı Nəsiminin 11 qəzəlinin peşəkar
qiraətçi tərəfindən səsləndirilmiş audio kitabın hazırlandığını qeyd edib. Qısa
zaman sonra həmin audio kitabın internet resursları vasitəsilə geniş
ictimaiyyətə təqdim olunacağını, həmçinin Nəsiminin həyat və yaradıcılığına aid
faktları özündə əks etdirən Azərbaycan və ingilis dillərində kitabçanın
hazırlandığını diqqətə çatdırıb. Bu istiqamətdə müxtəlif Nəsimişünas alimlərlə
görüşlər, məsləhətləşmələr keçirildiyini, bununla yanaşı, Nəsiminin
şəxsiyyətini, onun dünya və Azərbaycan ədəbiyyatında rolunu izah edən dəyərli
fikirlərin sənədli filmdə yer aldığını vurğulayıb. Gələcəkdə filmdə ingilis və
türk dillərində alt yazıların da yer alacağını söyləyib. Qeyd edib ki, layihənin
icrasında əsas məqsəd Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya
ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi,
təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin
təşkilindən ibarətdir.
Layihə
rəhbəri iyun 27-dən sənədli filmin və ümumilikdə layihə çərçivəsində hazırlanan
maarifləndirici vasitələrin təqdimat mərasimlərinin keçirilməsinə
başlanıldığını bildirib. Artıq Gəncə şəhərində YAP Gəncə Şəhər Təşkilatında,
Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində, bu gün isə Qazaxda baş
tutduğunu qeyd edib. Müxtəlif tarixlərdə Mingəçevir, Bakı şəhər Qaradağ, Binəqədi,
Xəzər, Sabunçu və Suraxanı Gənclər Evlərində də təqdimat mərasimlərinin təşkil
olunacağını, bağlanış tədbirinin isə 12 iyulda Bakı Konqres Mərkəzində
təntənəli şəkildə baş tutacağını diqqətə çatdırıb.
Çıxışlar
başa çatdıqdan sonra "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı sənədli film nümayiş olunub. Film tədbir
iştirakçıları tərəfindən alqışlarla qarşılanıb və yüksək qiymətləndirilib.
Layihə
rəhbəri Nigar Ələsgərova sonda çıxış edərək tədbirin yüksək səviyyədə təşkil
olunmasına görə rayon rəhbərliyinə, Qazax Gənclərin İnkişaf və Karyera
Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirib və razılıq əlaməti olaraq
Təşəkkürnamə təqdim edib.
GOYEZEN.AZ
Facebook-da paylaş