Əsas Səhifə > Ədəbiyyat > Qazaxda "İmadəddin Nəsimi - 650 illik DƏYƏR" adlı sənədli filmin təqdimatı olub
Qazaxda "İmadəddin Nəsimi - 650 illik DƏYƏR" adlı sənədli filmin təqdimatı olub28-06-2019, 22:39 |
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 2019-cu ildə isə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyev tərəfindən "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncam imzalanmışdır. Bundan əlavə, 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan olunmuşdur. Bu, isə ölkə başçısının Azərbaycan ədəbiyyatına, şairlərinə, söz adamlarına verdiyi ən böyük qiymətdir. Həmin sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Verilən tapşırıq və tövsiyələrə uyğun olaraq şair İmadəddin Nəsiminin 650 illik yubileyi respublikamızda silsilə tədbirlərlə qeyd olunur.
Bu gün Qazaxda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən reallaşan "İmadəddin Nəsimi - 650 illik DƏYƏR" adlı layihə çərçivəsində eyni adlı filmin təqdimat mərasimi keçirilib. Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə təhsil işçiləri, gənclər, KİV nümayəndələri iştirak ediblər.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək qonaqları salamlayıb, "Odlar Yurdu” Gənclər İctimai Birliyinin həyata keçirdiyi çoxsaylı layihələrdən söz açıb. Fəaliyyətə başladıqları ilk gündən gənclərin milli, mənəvi dəyərlər əsasında formalaşmalarında maraqlı layihələr həyata keçirdiklərini bildirib. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı haqqında həyata keçirilən layihənin də həmin uğurlu layihələrdən biri olduğunu qeyd edib və təşkilatçılara uğurlar arzulayıb. Bu cür layihələrin gənclərin öz tarixi köklərinə sahib çıxmalarında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirin aparıcısı Sona Söhbətova çıxış edərək təqdimatı olan film haqqında gənc olaraq fikirlərini bölüşüb və layihə haqqında ətraflı məlumat vermək üçün sözü "Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Nigar Ələsgərovaya verib. Birliyin sədri Nigar Ələsgərova çıxış edərək qeyd edib ki, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin prioritet istiqamətlərindən biri "aktiv vətəndaşlıq"dır və bu istiqamət çərçivəsində birlik ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin icrasına töhfə verməyə, icrası aktuallıq kəsb edən mövzularla bağlı gənclərin maariflənməsinə xidmət etməkdədir. Bu səbəblə də 2019-cu ilin "Nəsimi ili" elan olunmasını əsas tutaraq cari layihənin həyata keçirildiyini bildirib. Layihə çərçivəsində "İki aləmdə varım…” adlı Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabın hazırlandığını qeyd edib. Qısa zaman sonra həmin audio kitabın internet resursları vasitəsilə geniş ictimaiyyətə təqdim olunacağını, həmçinin Nəsiminin həyat və yaradıcılığına aid faktları özündə əks etdirən Azərbaycan və ingilis dillərində kitabçanın hazırlandığını diqqətə çatdırıb. Bu istiqamətdə müxtəlif Nəsimişünas alimlərlə görüşlər, məsləhətləşmələr keçirildiyini, bununla yanaşı, Nəsiminin şəxsiyyətini, onun dünya və Azərbaycan ədəbiyyatında rolunu izah edən dəyərli fikirlərin sənədli filmdə yer aldığını vurğulayıb. Gələcəkdə filmdə ingilis və türk dillərində alt yazıların da yer alacağını söyləyib. Qeyd edib ki, layihənin icrasında əsas məqsəd Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi, təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkilindən ibarətdir.
Layihə rəhbəri iyun 27-dən sənədli filmin və ümumilikdə layihə çərçivəsində hazırlanan maarifləndirici vasitələrin təqdimat mərasimlərinin keçirilməsinə başlanıldığını bildirib. Artıq Gəncə şəhərində YAP Gəncə Şəhər Təşkilatında, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində, bu gün isə Qazaxda baş tutduğunu qeyd edib. Müxtəlif tarixlərdə Mingəçevir, Bakı şəhər Qaradağ, Binəqədi, Xəzər, Sabunçu və Suraxanı Gənclər Evlərində də təqdimat mərasimlərinin təşkil olunacağını, bağlanış tədbirinin isə 12 iyulda Bakı Konqres Mərkəzində təntənəli şəkildə baş tutacağını diqqətə çatdırıb. Çıxışlar başa çatdıqdan sonra "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı sənədli film nümayiş olunub. Film tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb və yüksək qiymətləndirilib. Layihə rəhbəri Nigar Ələsgərova sonda çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirib və razılıq əlaməti olaraq Təşəkkürnamə təqdim edib.
GOYEZEN.AZ Geri qayıt |