• Təqvim

  • Maraq



BDU-nun Qazax filialının təşkilatçılığı ilə “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda keçirilmiş respublika elmi konfransın materialları kitab şəklində çap olunub


Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi İli” elan olunmuşdur. Bununla əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialında Tədbirlər Planına uyğun olaraq 17 dekabr 2021-ci il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş "Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Filialın təşkilatçılığı ilə onlayn formatda təşkil olunmuş konfransa BDU-nun Qazax filialı ilə yanaşı, Gəncə Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, AMEA-nın Gəncə bölməsinin, AMEA-nın Folklor İnstitutunun, AMEA-nın Əlyazmalar İnstitutunun, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimlərindən ibarət olan 120 iştirakçı qatılmışdır.
Həmin konfransın materialları kitab şəklində çap olunmuşdur. Nəfis şəkildə nəşr edilmiş kitab filial direktorluğunun 21 yanvar 2022-ci il tarixli iclasının qərarına əsasən işıq üzü görmüşdür. "Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika elmi konfransın materialları” adlı kitabın ilk səhifəsində 2021-ci ilin "Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı verilmişdir.
BDU Qazax filialının direktoru Arif Rüstəmov kitabda yer almiş giriş sözündə Prezident İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi İli” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımızın və mədəniyyətimizin, görkəmli mütəfəkkirlərin tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğının əməli ifadəsi olduğunu qeyd edib. Bildirib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Kitabda BDU-dan professor Şəkər Məmmədova, BDU-nun Qazax filialından filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, AMEA-nın Folklor İnstitutundan dosent İlhamə Qəsəbova, Gəncə Dövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru Yadigar Əliyev, dosent Cavid Bağırzadə və pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova, AMEA-nın Gəncə bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqalarının müxtəlif mövzularda olan məruzələri verilib. Ümumiyyətlə, kitabda konfransın 4 bölməsi üzrə 104 müəllifin məruzələri yer alıb. Məruzələrdə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti vurğulanıb,şairin yaradıcılığının əsas məzmun xəttində daim insanın xoşbəxtliyinin durması, sevginin ucalığı, insanın dinindən, irqindən, milli mənsubiyyətindən, tutduğu mövqeyindən asılı olmayaraq insan kimi dəyərli olması kimi vacib məsələlər qeyd edilib.

Onu da bildirək ki, "Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika elmi konfransın materialları” adlı kitabı BDU Qazax filialı tərəfindən müxtəlif mövzularda keçirilmiş beynəlxalq və respublika elmi konfransların materiallarının çap olunduğu sayca üçüncü kitabdır.

BDU Qazax filialının Mətbuat Mərkəzi



Facebook-da paylaş