Prezident
İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il "Nizami
Gəncəvi İli” elan olunmuşdur. Bununla əlaqədar Bakı Dövlət Universitetinin
Qazax filialında Tədbirlər Planına uyğun olaraq 17 dekabr 2021-ci il tarixində dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə
həsr edilmiş "Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika elmi
konfransı keçirilmişdir. Filialın təşkilatçılığı ilə onlayn formatda təşkil
olunmuş konfransa BDU-nun Qazax filialı ilə yanaşı, Gəncə Dövlət
Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Naxçıvan Dövlət
Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin, AMEA-nın Gəncə bölməsinin, AMEA-nın Folklor İnstitutunun,
AMEA-nın Əlyazmalar İnstitutunun, AMEA-nın Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunun alimlərindən ibarət olan 120 iştirakçı qatılmışdır.
Həmin
konfransın materialları kitab şəklində çap olunmuşdur. Nəfis şəkildə nəşr
edilmiş kitab filial direktorluğunun 21 yanvar 2022-ci il tarixli iclasının
qərarına əsasən işıq üzü görmüşdür. "Nizami dühası ümumbəşəri dəyərdir”
mövzusunda respublika elmi konfransın materialları” adlı kitabın ilk
səhifəsində 2021-ci ilin "Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Prezident
İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı verilmişdir.
BDU
Qazax filialının direktoru Arif Rüstəmov kitabda yer almiş giriş sözündə Prezident
İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi İli” elan etməsini ölkəmizdə klassik
ədəbi irsimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımızın və
mədəniyyətimizin, görkəmli mütəfəkkirlərin tanıdılmasına müstəqil Azərbaycan
dövlətinin göstərdiyi diqqət və qayğının əməli ifadəsi olduğunu qeyd edib. Bildirib
ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə
açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının
ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni
sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Kitabda
BDU-dan professor Şəkər Məmmədova, BDU-nun Qazax filialından filologiya üzrə
fəlsəfə doktoru İradə Arıxova, AMEA-nın Folklor İnstitutundan dosent İlhamə
Qəsəbova, Gəncə Dövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru Yadigar
Əliyev, dosent Cavid Bağırzadə və pedaqogika üzrə fəlsəfə doktoru Sabirə
Bayramova, AMEA-nın Gəncə bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Əlimuxtar Muxtarov və başqalarının müxtəlif mövzularda olan məruzələri
verilib. Ümumiyyətlə, kitabda konfransın 4 bölməsi üzrə 104 müəllifin
məruzələri yer alıb. Məruzələrdə qüdrətli söz və fikir ustadının insanları daim
əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin
yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti vurğulanıb,şairin yaradıcılığının əsas məzmun xəttində daim
insanın xoşbəxtliyinin durması, sevginin ucalığı, insanın dinindən, irqindən, milli
mənsubiyyətindən, tutduğu mövqeyindən asılı olmayaraq insan kimi dəyərli olması
kimi vacib məsələlər qeyd edilib.
Onu
da bildirək ki, "Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika elmi
konfransın materialları” adlı kitabı BDU Qazax filialı tərəfindən müxtəlif
mövzularda keçirilmiş beynəlxalq və respublika elmi konfransların
materiallarının çap olunduğu sayca üçüncü kitabdır.
BDU Qazax
filialının Mətbuat Mərkəzi
Geri qayıt
|