Qazaxda 21 Fevral – Beynəlxalq Ana Dili Günü silsilə tədbirlərlə qeyd olunub
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Qazax rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə Dəmirçilər kənd kitabxana filialı da "Əsrlərin yadigarı Ana Dilim” adlı məruzə keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri kitabxana filialının müdiri Xanım Hüseynova açaraq bildirib ki, dil hər bir millətin maddi-mənəvi irsini qoruyan, inkişaf etdirən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Azərbaycan dili və ədəbiyyat müəllimi Həcər Əsədova, mədəniyyət işçisi Nəzakət Rəhimova və Dəmirçilər kənd tam orta məktəbin XI sinif şagirdi Nuranə Rüstəmova çıxışlarında qeyd ediblər ki, bu günün qeyd olunmasında məqsəd dünyada "dillərin ölməsinin” qarşısını almaq, onların qorunub saxlanılmasına diqqəti cəlb etməkdir.
Fəal oxuculardan Rizvan Qasımov, Ramiz Hadıyev, Səbinə Yusifova, Vüsal Məmmədov və başqaları Azərbaycana, Ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.
xxx xxx xxx
Şəhər 1 nömrəli kitabxana filialında da 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Dilimiz milli varlığımızdır” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.
Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə kollektvi, şəhər 1 nömrəli Folklor evinin işçiləri iştirak ediblər.
Kitabxana filialının müdiri Fəridə Xudiyeva tədbiri giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin dilimiz haqqında söylədiyi dəyərli fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Qeyd edib ki, ulu öndərin də söylədiyi kimi hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu sözlərə ilk əməl edən, canlı nümunə isə məhz ulu öndər idi. Onun hələ sovet imperiyasının ən güclü dövrlərində ana dilimizin - Azərbaycan dilinin yaşadılması və təbliği uğrunda apardığı mübarizə, gördüyü işlər saysız-hesabsızdır.
Dövlət Sosial-İqtisadi Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini İlkin Həsənov, şəhər 1 nömrəli Folklor evinin müdiri Gülüsüm Həsənova çıxışlarında Azərbaycan dövlətinin müstəqillik qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif Sərəncam və Fərmanların imzalandığını qeyd ediblər.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri mövzu ətrafında öz fikirlərini bölüşüblər.
xxx xxx xxx
Qazaxbəyli kənd kitabxana filialı məcburi köçükünlər üçün salınmış yeni qəsəbədə Aşağı Əskipara kənd tam orta məktəbin akt zalında 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Doğma ana dilim” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, mədəniyyət işçiləri iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev dilimizin keçdiyi inkişaf mərhələlərindən, onun tədrisi üçün yaranmış imkanlardan, dilimizin qorunması və zənginləşdirilməsi istiqamətində dövlət səviyyəsində görülmüş işlərdən danışıb.
Kitabxana filialının müdiri Sevinc Alməmmədova, gənc şairə Nuranə Təbrizi və Diyarşünaslıq klubunun müdiri Mehparə Salmanova çıxışlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dilimizin saflığının qorunması sahəsində gördüyü işlərdən söz açıblar.
Məktəblilərdən Zeynəb Əlizadə, Ülvi Alməmmədli, Nuranə Babayeva, Aytən Pənahova, Rəvan Sadıqov, Hümbət Əliyev və başqaları dilimizə həsr olunmuş səhnəciklər göstərib. "Lalə” rəqs qrupunun rəqsləri tədbir iştirakçılarının zövqünü oxşayıb. Sonda "Mənim can dilim” adlı sərgiyə baxış olub.
xxx xxx xxx
"Dilimiz, mənəviyyatımız” adlı tədbir isə N.Nərimanov qəsəbə kitabxana filialında keçirilib. Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə fəal oxucular, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kitabxana filialının müdiri Siddiqə Qələndərova ana dilimizin xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyi olduğunu bildirib.
Kitabxanaçı Cahan Qasımova çıxışında ümummilli lider Heydər Əliyevin dilimizin qorunması və inkişaf etdirilməsinə göstərdiyi böyük diqqət və qayğıdan söz açıb, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb.
Fəal oxuculardan Gülay Müvəssəqi, Nəzrin Abdullayeva, Səbilə Zeynalova, Nuray Babazadə və başqaları Azərbaycana, Ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.
xxx xxx xxx
Daş Salahlı kənd 2 nömrəli kitabxana filialı A.Əmilov adına 1 saylı tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilim, doğma dilim” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi iştirak edib.
Məktəbin direktoru Söylü Xəlilova, kitabxana filialının müdiri Hökümə Eyyubova və müəllim Söylü Pirməmmədova çıxışlarında qeyd ediblər ki, bu gün harada yaşamasından asılı olmayaraq doğma ana dilimiz - Azərbaycan dili əlli milyon insanın bir-biri ilə ünsiyyət dilidir. Bu dildə danışanların sayı gündən-günə artır, çoxalır. Dilimizin şirinliyi, axıcılığı hamını heyran edir.
Məktəblilərdən Gülnar Yarəhmədova, Günay İsmayılova, Şəbnəm Hüseynova, Səfa Hüseynova, Aysu Səttarova, Selcan Mehdiyeva, Günel Qocayeva, Ləman Vəliyeva və başqaları Azərbaycana, Ana dilinə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş