“Daim zirvələrdə ucalasan üçrəngli bayrağım!”
9 Noyabr – Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.
Növbəti bayram tədbiri Qazax rayon Heydər Əliyev Mərkəzində "Daim zirvələrdə ucalasan üçrəngli bayrağım!” başlığı altında keçirilib. Dövlət suverenliyimizin rəmzi, Azərbaycan Respublikasının Dövlət atributlarından biri olan Milli Bayrağımızın yaranması günü ilə əlaqədar keçirilən tədbirdə mərkəzin əməkdaşları, mədəniyyət sahəsində çalışan işçilər, şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Milli bayrağımızın keçdiyi tarixi və şərəfli yol haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Dostlarımızı sevindirən, düşmənlərimizi xar edən, qürür yerimiz olan üçrəngli bayrağımız dövlətimizin varlığını, onun əzəmətini və gücünü bütün dünyada təsdiqləyir. Bayrağımızın yaranması XIX əsrin əvvəllərinə təsadüf edir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə yaradılmış milli dövlətçilik atributlarından olan bayrağımız noyabrın 9-da AXC Nazirlər Şurası hökumətinin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında təsdiq olunması haqqında qərar qəbul edilmişdir. Məhz o zamandan M.Ə.Rəsulzadənin parlamentin ilk iclasında ”Bir kərə yüksələn bayraq bir daha enməz” - deyərək qaldırdığı o bayraq ulu öndər Heydər Əliyev tərəfindən yenidən qaldırıldı və Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində daim zirvələrdə dalğalanmaqdadır.
Sonra Q.Hacımahmudova adına məktəbin direktoru Yeganə Göyüşlü, tarix müəllimi Gülzadə Allahverdiyeva və başqaları çıxış edərək bayrağımızın yaranma tarixindən, ölkəmizin qazandığı nailiyyətlərdən söz açıb, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik ediblər.
Daha sonra bayraq gününə həsr olunmuş film nümayiş olunub. Məktəblilər bayrağa həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş