Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri kimi milyonlarla insanın qəlbində əbədi yaşayacaq, hər zaman hörmət və ehtiramla anılacaq
12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar. Dekabrın 3-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax Kommunal Müəssisələri Kombinatının, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin, Qazax Magistral Qaz Kəmərləri Sahəsinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin yerli Məşvərət Şurasının üzvləri, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktor və müəllimləri, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin müəllim və şagirdləri Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, kitab sərgisi və film nümayiş etdirilib.
Azərbaycanın ən böyük milli sərvəti Heydər Əliyev dühasıdır, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsidir. Bu sərvət müqəddəsdir və hifz olunmalıdır. Müstəqil Azərbaycanın gələcəyi, inkişafı, hüquqi-demokratik dövlət quruculuğu, ölkənin ərazi bütövlüyünün təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətdən və siyasi kursdan kənarda mümkün deyil. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük mükafatı isə insanların öz liderinə qarşı tükənməz məhəbbətidir. O, tam müstəqil dövlət quraraq, formalaşdıraraq, çətin və məşəqqətli bir vəzifəni öz uzaqgörənliyi, siyasi bacarığı ilə ləyaqətlə yerinə yetirərək “Azərbaycan xalqının Ümummilli Lideri”, “Millət atası” kimi titulları qazandı. Tarix sübut etdi ki, yalnız Heydər Əliyev nüfuzu, Heydər Əliyev qətiyyəti, Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqilliyimizi möhkəmləndirmək qüdrətinə malikdir. Azərbaycan xalqının xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirərək bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf etdi. Dahi şəxsiyyətin fəaliyyəti milli ideologiyanın əsasını qoydu və xalqın gələcəyinə yönəldi. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri kimi milyonlarla insanın qəlbində əbədi yaşayacaq, hər zaman hörmət və ehtiramla anılacaq.

































Facebook-da paylaş















