Nə qədər ki, Azərbaycan xalqı var Ulu Öndər Heydər Əliyev qəlblərdə əbədi yaşayacaq
Azərbaycanın ən böyük milli sərvəti Heydər Əliyev dühasıdır, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsidir. Bu sərvət müqəddəsdir və hifz olunmalıdır. Müstəqil Azərbaycanın gələcəyi, inkişafı, hüquqi-demokratik dövlət quruculuğu, ölkənin ərazi bütövlüyünün təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətdən və siyasi kursdan kənarda mümkün deyil. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük mükafatı isə insanların öz liderinə qarşı tükənməz məhəbbətidir. O, tam müstəqil dövlət quraraq, formalaşdıraraq, çətin və məşəqqətli bir vəzifəni öz uzaqgörənliyi, siyasi bacarığı ilə ləyaqətlə yerinə yetirərək “Azərbaycan xalqının Ümummilli Lideri”, “millət atası” kimi titulları qazandı. Tarix sübut etdi ki, yalnız Heydər Əliyev nüfuzu, Heydər Əliyev qətiyyəti, Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqilliyimizi möhkəmləndirmək qüdrətinə malikdir.
Mayın 10-u Heydər Əliyevin ad günüdür. İndi böyük öndər Fəxri Xiyabanda tər çiçəklər arasında uyuyur. Onu sevən insanların qəlbində isə əbədi yaşayır. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, o qədər də Ulu Öndər yaşayacaq, əbədi evi al qərənfillərlə bəzənəcək, gələcək nəsillər minnətdarlıq hissi ilə onu yad edəcəklər.
Ulu Öndərimiz! Ruhun şad olsun! Uğurlu illərimiz bir-birini əvəz edir. Həyat firavanlaşır. Xalqın rifahı yüksəlir. Azərbaycan dünyanın siyasi arenasında günəş kimi parlayır. Yarım qalan ideyalarınızı, arzularınızı layiqli siyasi varisiniz Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyev davam etdirir, Azərbaycan xalqı onunla fəxr edir. “Xalq-Lider”, “Lider-Xalq“ həmrəyliyi dövlət müstəqilliyimizin dayağıdır. Xoşbəxt gələcəyimiz Heydər Əliyev siyasi kursu ilə bağlıdır. Çünki müasir, müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyevin zəngin dövlətçilik ənənələri ilə yeniləşməkdədir. Bu gün hər bir azərbaycanlı Heydər Əliyevi xatırlayır, onu dərin hörmət və ehtiramla yada salır. Hələ neçə yüzilliklər keçsə də Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Mayın 10-da adı Azərbaycanın tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazdırmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Dahi insanın adını daşıyan Qazax Rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti, gənclər və şagirdlər üçün ziyarətlər təşkil olunur, xalqımızın böyük oğlunun həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən kitab sərgisi, filmlər nümayiş etdirilir, Heydər Əliyevin Qazax rayonuna tarixi səfərləri, Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı, tərəqqisi naminə müəlliflik etdiyi sosial-iqtisadi layihələri, neft islahatları, elm, təhsil, idman, səhiyyə sahəsində həyata keçirdiyi uğurlu siyasət haqqında məlumatlar verilir.
Mayın 7-də “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, “28 nömrəli Yol İstismarı” MMC-nin, “10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırması” MMC-nin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin, Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktor, müəllim və şagirdləri, Qazax şəhər 2 nömrəli Körpələr Evi-Uşaq bağçasının, Qazax şəhər 5 nömrəli Körpələr Evi-Uşaq bağçasının, Qazax rayon Dəmirçilər kənd Körpələr Evi-Uşaq bağçasının rəhbər, əməkdaş və körpələri böyük hörmət və ehtiramla dahi insanın abidəsini ziyarət edib, abidə üzərinə tər çiçək dəstələri düzüblər. Dahi liderin adını daşıyan Mərkəzdə “Məşələ çevrilən həyat” başlıqlı kitab sərgisinə baxıb, ekspozisiya zalında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyib, film izləyiblər.
Facebook-da paylaş