Ümummilli Lider Heydər Əliyev Azərbaycan adlı şah əsəri ilə yaddaşlarda əbədiləşib
Bütöv bir xalq, dövlət üçün qurtuluş missiyasını ləyaqətlə sona çatdırdıqdan sonra quruculuq missiyası ilə müasir, qüdrətli bir Azərbaycanı yaradaraq dünya birliyinin fəal subyektinə çevirən böyük dövlət xadimi Heydər Əliyev uzun illər öz xalqının mənafeyi uğrunda mübarizə apardı, bütün ictimai-siyasi proseslərdə real güc kimi özünü sübut etdi. Təzyiqlərə baxmayaraq, siyasi səhnədə yaşadı və özü ilə bərabər Azərbaycan tarixini, Azərbaycan dövlətçiliyini, Azərbaycan mədəniyyətini, Azərbaycanın ziyalı təbəqəsini yaşatdı. Ona görə də dünya siyasətində özünün xüsusi çəkisi ilə seçilən Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlı üçün əbədiyaşardır. Bütün həyatını, ömrünü-gününü canından artıq sevdiyi Azərbaycana həsr etməkdən qürür və məmnunluq duyan dahi şəxsiyyət Azərbaycan adlı şah əsəri ilə yaddaşlarda əbədiləşmiş, işinin və əməlinin əzəməti ölçüyəgəlməzdir. Biz vətəndaş olaraq Vətənə və xalqa sədaqətlə xidmət etməyi Heydər Əliyevdən öyrənməliyik. Tariximizdə böyük sərkərdələr, siyasi xadimlər çox olub. Ancaq Heydər Əliyev Azərbaycanın dünəni, bu günü və sabahı üçün əvəzsiz, müqayisə olunmayan bir şəxsiyyətdir. Heydər Əliyevin zəngin dövlətçilik ənənələri ilə yeniləşən və daha da möhtəşəmləşən Azərbaycan bu gün cənab İlham Əliyevin strateji xətti ilə yüksəlməkdədir. Çünki Heydər Əliyevin ideyaları Azərbaycanın çox uzun dövrlər üçün fundamental, elmi prinsiplərə əsaslanan strategiya kimi ən etibarlı təminatıdır.
Mayın 10-da adı Azərbaycanın tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazdırmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Dahi insanın adını daşıyan Qazax Rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti, gənclər və şagirdlər üçün ziyarətlər təşkil olunur, xalqımızın böyük oğlunun həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən kitab sərgisi, filmlər nümayiş etdirilir, Heydər Əliyevin Qazax rayonuna tarixi səfərləri, Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı, tərəqqisi naminə müəlliflik etdiyi sosial-iqtisadi layihələri, neft islahatları, elm, təhsil, idman, səhiyyə sahəsində həyata keçirdiyi uğurlu siyasət haqqında məlumatlar verilir.
Mayın 5-də Qazax Magistral Qaz Kəmərləri Sahəsinin, Qazax Kommunal Müəssisələri Kombinatının rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənləri Təmayüllü məktəb-liseyin direktor və müəllimləri, Qazax şəhər 5 nömrəli Körpələr Evi-Uşaq bağçasının rəhbər və əməkdaşları böyük hörmət və ehtiramla dahi insanın abidəsini ziyarət edib, abidə üzərinə tər çiçək dəstələri düzüblər. Mərkəzdə “Məşələ çevrilən həyat” başlıqlı kitab sərgisinə baxıb, ekspozisiya zalında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyib, film izləyiblər.
Facebook-da paylaş