Ulu Öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın qazandığı nailiyyətlərdə, ölkəmizin inkişafında əbədiləşib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyətin həyatında böyük dəyişiklər baş verdi, ölkəmizdə intibah və tərəqqi dövrü start götürdü. Azərbaycanın indiyə qədər qazandığı və bu gündən sonra əldə edə biləcəyi nailiyyətlərin hamısı bu tarixi günün məntiqi nəticəsi kimi qiymətləndirilir. Çünki Heydər Əliyev hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan dövlətinin əbədiyaşarlığını təmin etməyə qadir fundamental bir ideoloji-siyasi sistemin formalaşmasına nail oldu.
Ulu Öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın qazandığı nailiyyətlərdə, ölkəmizin inkişafında əbədiləşib. Nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, bu dövlətin qurucusu da tariximizdə əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider örnəyi kimi daim yaşayacaq.
Mayın 10-da adı Azərbaycanın tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazdırmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Dahi insanın adını daşıyan Qazax Rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti, gənclər və şagirdlər üçün ziyarətlər təşkil olunur, xalqımızın böyük oğlunun həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən kitab sərgisi, filmlər nümayiş etdirilir, Heydər Əliyevin Qazax rayonuna tarixi səfərləri, Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı, tərəqqisi naminə müəlliflik etdiyi sosial-iqtisadi layihələri, neft islahatları, elm, təhsil, idman, səhiyyə sahəsində həyata keçirdiyi uğurlu siyasət haqqında məlumatlar verilir.
Mayın 2-də “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Qazax Elektrik Şəbəkəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, “Socar Petroleum” QSC-nin 7 saylı Qazax Neft Baza Sahəsinin rəhbər və əməkdaşları, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllimləri, Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi, dərnək üzvləri böyük hörmət və ehtiramla dahi insanın abidəsini ziyarət edib, abidə üzərinə tər çiçək dəstələri düzüb, “Məşələ çevrilən həyat” başlıqlı kitab sərgisinə baxıb, ekspozisiya zalında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyib, film izləyiblər.
Facebook-da paylaş