Qazaxda icra başçısı şəhərin Əliağa Şıxlinski küçəsində olub
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına əsasən paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Son dövrlər Qazaxda aparılan abadlıq işləri bunun bariz nümunəsidir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin əyani sübutudur.
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması görülmüş işlərdir.
Yeni asfalt örtüyünün vurulması nəzərdə tutulan küçələrdən biri də Qazax şəhəri Əliağa Şıxlinski küçəsidir. Qeyd edək ki, asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda da abadlıq işlərinin aparılması nəzərdə tutulur.
Fevralın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sözügedən küçədə olub, görülməsi nəzərdə tutulan işlərlə yerində maraqlanıb.
Facebook-da paylaş