• Təqvim

  • Maraq



İcra başçısı Daş Salahlı kənd sakinlərinin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə yerində maraqlanıb


Bu gün hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir. Son illər ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu göstərir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Qazax rayonunun ən böyük kəndlərindən olan, 10 mindən çox əhalinin yaşadığı Daş Salahlı kəndində də sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Abbasbəyli kəndində yerləşən Coğazçay su anbarından Daş Salahlı kəndinə gələn köhnə dəmir borular istismar müddətini başa vurduğu üçün kənd əhalisinin məişət suyu ilə təminatında müəyyən çətinliklər yaradır. Bu səbəbdən Daş Salahlı Bələdiyyəsi tərəfindən sözügedən dəmir borular yeni polietlin borularla əvəzlənir. Belə ki, köhnə dəmir boruların əvəzinə diametri 315 mm olan 500 paqonmetr uzunluğunda yeni polietilen borular çəkilir. Artıq bu sahədə işlərə başlanılıb. Qazax Rayon Suvarma Sistemləri İdarəsinin və 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinin əməkdaşları da işlərə cəlb olunub. 


Avqustun 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinin rəisi Alı Hüseynov və digər aidiyyəti şəxslərlə birlikdə Abbasbəyli və Daş Salahlı kəndlərində olub, görülmüş işlərlə yerində maraqlanıb. İşlərlə yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Daş Salahlı kəndində su təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri kənd sakinləri də razılıqla qarşılayır. Sakinlər onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edirlər. 



Facebook-da paylaş