• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib


Bəşər tarixinin ən qanlı səhifələrindən biri - 31 Mart soyqırımıdır. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü silsilə tədbirlərlə qeyd olunub.

Martın 31-də Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib. 

BDU-nun Qazax filialında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın müəllim-tələbə heyəti iştirak ediblər.

İcra başçısı əvvəlcə filialın foyesində 31 Mart soyqırımına aid məlumatları özündə əks etdirən kitablardan ibarət guşə ilə tanış olub.

Filialın Heydər Əliyev auditoriyasında davam edən tədbirdə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 31 Mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.


Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən danışıb. Tədbirdə iştirak etdiyinə görə rayon rəhbərliyinə filialın müəllim-tələbə heyəti adından razılığını ifadə edib. 31 Mart soyqırımından söz açan direktor xalqımızın qan yaddaşı olan həmin soyqırımın heç zaman unudulmayacağını bildirib. Soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən danışan A.Rüstəmov bütün sahələrdə olduğu kimi, bu işlərin də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın tarixi əhəmiyyət daşıdığını vurğulayıb. 


31 Mart soyqırımına, 1900-cı ildə baş verən qanlı 20 Yanvar hadisələrinə, 26 Fevral - Xocalı faciəsinə siyasi-hüquqi qiymətin ilk dəfə Ümummilli Lider tərəfindən verildiyini, bütün bu faciələrin gələcək nəsillərə çatdırılması işinin dahi şəxsiyyətin təşəbbüsü ilə reallaşdığını vurğulayıb. A.Rüstəmov bugünkü tədbirin bütün bu faciələrin xalqımızın həyatında bir daha təkrarlanmaması, həmin hadisələrin dərindən öyrənilib təhlil olunması, xalqa, dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Gənclərə səslənən fikirlərdən öyrənmələrini, gələcək nəsillərə ötürülməsi, ən əsası da tarixi keçmişimizin unudulmaması üçün böyük səylə çalışmalarını tövsiyə edib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, soyqırımla bağlı fikirlərini bölüşüb. İcra başçısı bildirib ki, Muğanın azərbaycanlı kəndlərini yandırmışdılar. Əhalinin bir hissəsi yalnız qaçmağa macal tapmışdı. Zamanla öyrəndik ki, eyni günlərdə - 1918-ci il mart ayının 31-dən aprel ayının 2-nə kimi eyni tükürpədici qətliam olayları Bakı, Gəncə, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan, Şamaxı, Salyan, Quba və başqa bölgələrdə, eləcə də Şərqi Anadoluda və Cənubi Azərbaycanda da eyni minvalla törədilibmiş. Lakin Azərbaycanın müstəqillik dönəmində - 1998-ci il 26 mart tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu Fərmanla Mart soyqırımına siyasi-hüquqi qiymət verildi. Bununla da Mart soyqırımının ayrı-ayrı detalları tədqiqatçılar tərəfindən üzə çıxarılaraq, onun ölkəmizdə və bütün dünyada yayılmasına başlanıldı. Zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açan rayon rəhbəri 31 Mart soyqırımının, 20 Yanvar faciəsinin, Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu söyləyib. İcra başçısı bildirib ki, ölkə Prezidentinin Xocalı faciəsinin 30-cu ildönümünün qeyd edilməsi ilə bağlı imzaladığı 28 yanvar 2022-ci il tarixli Sərəncamda da qeyd etdiyi kimi: "Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı”. Rayon rəhbəri qeyd edib ki, lakin nə dövlət, nə də xalq olaraq əyilmədik, sınmadıq, illər keçdikcə daha da gücləndik, qüvvətləndik, qisas naminə daha güclü, qüdrətli dövlətə çevrildik. Azərbaycan dövləti 2020-ci ildə cəmi 44 günə başa vurduğu Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bunu bütün dünyaya bir daha nümayiş etdirdi. İcra başçısı 31 Mart Soyqırımında yaşananların 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində də baş verdiyini, günahsız kənd sakinlərinin amansızcasına qətlə yetirildiklərini bildirib. 


"31 Mart soyqırımı, Xocalı, Bağanıs Ayrım faciəsi, eləcə də digər faciələr bizim keçmişimiz, dünənimiz, bu günümüz və sabahımızdır”, - deyən icra başçısı nə qədər Azərbaycan xalqı var həmin faciələrin heç zaman unudulmayacağını vurğulayıb. Xalqımızın əldə etdiyimiz qələbəni xatırladığı kimi, tarixi keçmişimiz olan faciələri də hər zaman xatırlayacağını söyləyib. Xocalıda, Bağanıs Ayrımda törədilən vəhşiliklərin bizim qan yaddaşımız olaraq bir an belə olsun unudulmayacağını diqqətə çatdırıb. 

İcra başçısı vətəndaş olaraq hər birimizin şəhidlərimizin, faciə qurbanlarının qisasını alan, qanını yerdə qoymayan şanlı ordumuzun əsgər və zabitlərinə, onlara rəhbərlik edən Müzəffər Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin "Şəhidlərimizin, şəhid ailələrinin qarşısında baş əyirəm!” söyləməsinin, Birinci vitse-prezident Mehriban Əliyevanın "Qazlərimizin yarası bütün Azərbaycan xalqının, Azərbaycanın yarasıdır!” deməsinin bu gün ölkə vətəndaşı olaraq hər kəsə örnək və nümunə olduğunu vurğulayıb. İcra başçısı sonda bir daha gəncləri, tələbələri tarixi keçmişimizi, xalqımızın başına gətirilən müsibətləri, soyqırımları unutmamağa çağırıb, bu istiqamətdə həyata keçirilən işlərdə yaxından iştirak etməyi tövsiyə edib.  

BDU Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Nigar Fərzəliyeva məruzə ilə çıxış edərək bildiriblər ki, 31 Mart soyqırımının Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri olsa da, lakin müstəqillik qazandıqdan sonra həmin səhifələrin işıqlandırılması, Azərbaycan tarixinə yenidən baxış və hər bir hadisənin öz adı ilə çağırılması ən mütərəqqi hallardan biridir. Bu mütərəqqilik üçün biz Azərbaycan dövlətinə, onun yaradıcısına minnətdar olmalıyıq. Çıxış edənlər 31 Mart soyqırımının başvermə səbəblərindən, xalqımıza qarşı törədilən qətliamlardan danışaraq gənclərə dolğun məlumatlar çatdırıblar. Çoxsaylı müsibətlərə rəğmən xalqımızın heç zaman sınmadığını, əyilmədiyini, daim əzmlə, qürurla bütün müsibətlərə sinə gərdiyini qeyd ediblər. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi zamanı da bir daha şahidi olduğumuzu vurğulayıblar. Gəncləri əldə etdiyimiz şanlı Zəfərlə yanaşı, tarixi keçmişimizi də gələcək nəsillərə ötürməyi tövsiyə ediblər.


BDU Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Hikmət Yusifov, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi Həsən Yusifli, BDU Qazax filialının Tarix ixtisasının IV kurs tələbəsi Gülayə Rüstəmzadə, BDU Qazax filialının Filologiya ixtisasının II kurs tələbəsi Allahverdi Süleymanov, I kurs tələbəsi Aytac Axundova mövzu ətrafında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşaq öldürüldüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 105 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.

Çıxışlarda qeyd edilib ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin "böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, soyqırımlarda həlak olan həmvətənlərimizin qanı yerdə qalmadı, soyqırım qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

GOYEZEN.AZ



Facebook-da paylaş