• Təqvim

  • Maraq



Qazaxda 26 Fevral – Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Unutmayın!” adlı anım tədbiri keçirilib


Müasir Azərbaycan tarixinin ən faciəli hadisələrindən olan Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qanlı hadisələri Azərbaycan xalqı heç zaman unutmur və bundan sonra da unutmayacaqdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 26 Fevral – Xocalı soyqırımının 31-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur. 

Növbəti tədbir fevralın 24-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Unutmayın!” adı altında təşkil edilib. 

Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində sol tərəfdə Mərkəzi Kitabxana Sisteminin təşkil etdiyi kitab sərgisi, sağ tərəfdə isə Qazax Dövlət Rəsm Qalereyasının Xocalı fəryadını əks etdirən rəsmlərdən ibarət sərgi ilə tanış olublar. 

Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə Vətən uğrunda canını fəda edən qəhrəman oğulların, Xocalı soyqırımı qurbanlarının, eləcə də qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Aparıcı, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Günel Əkbərli tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, bugünkü günün əhəmiyyətindən danışıb. Bildirib ki, Xocalı faciəsindən artıq 31 il keçir. Bu soyqırım XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir. 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımını törətmişlər. Xalqımıza qarşı yönəlmiş bu faciə, soyqırım, genosid öz ağlasığmaz dəhşətləri və qəddarlığı ilə bəşəriyyət tarixində heç bir analoqu olmayan vəhşilikdir. Bu amansız qətliam nəinki təkcə Azərbaycana, bütün bəşəriyyətə, mütərəqqi dəyərlərə, əxlaq normalarına, insanlığa, beynəlxalq hüquq normalarına qarşı yönəlmiş genosid aktıdır. Bir gecənin içində yüzlərlə günahsız insan Xocalı yaşayış məntəqəsi və onun ətrafında xüsusi qəddarlıqla, amansızlıqla öldürülmüş, məhv edilmişdir. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 40 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv olub. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 60 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli güllə, qəlpə yarası alaraq əlil olub. 1275 nəfər erməni əsirliyinin dəhşətlərindən keçib. 155 nəfər itkin düşüb. 280 meyiti dəfn etmək mümkün olmayıb. Xocalı şəhəri yerlə yeksan edilib. Aparıcı qeyd edib ki, çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin  demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin 24 fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı sayqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Aparıcı qeyd edib ki, Xocalı acıları unudulan deyil. Elə bir Xocalı sakini yoxdur ki, o müdhiş gecədə doğmasını, əzizini itirməsin. Özü də birini yox, beşini, onunu, əllisini... Əsirliyin fəlakətini yaşamasın. Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri, Dialoq və Əməkdaşlıq uğurunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası 5 il ərzində dünyanın aparıcı humanitar aksiyalarından birinə çevrilmişdir. Aparıcı qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatı zamanı müzəffər ordumuzun qətiyyətli əks hücumu ilə başlanan Vətən müharibəsi noyabrın 10-da tarixi Zəfərimizlə yekunlaşdı. Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Ali Baş Komandanı İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək yenilməz Azərbaycan sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir. Xalqımıza qarşı yönəlmiş Xocalı soyqırımı ağlasığmaz dəhşətləri və qəddarlığı ilə bəşəriyyət tarixində analoqu olmayan bir vəhşilikdir. Tarixə çevirilmiş bu cinayəti, ermənilər tərəfindən millətimizə vurulmuş bu ağır yaranı heç birimiz heç bir zaman unutmamalıyıq. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımı ilə bağlı ürək sözlərini bölüşüb. İcra başçısı Xocalı soyqırımından, həmin acı xatirələrdən 31 il keçməsinə baxmayaraq xalqımızın o günləri ürək ağrısı ilə xatırladığını, soyqırımı qurbanlarını heç zaman unutmadığını, daim qəlbimizdə yaşatdığımızı qeyd edib. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına dövlət səviyyəsində qiymət verildiyini, ən əsası da dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərdiyini söyləyib. İcra başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyasından söz açaraq bu kampaniya çərçivəsində Xocalı soyqırımının dünyada tanındığını vurğulayıb. 2008-ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə start verilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərdiyini, 100 minlərlə şəxs və 115 təşkilatın kampaniyanın fəaliyyətini dəstəklədiyini bildirib. “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”, - deyən icra başçısı 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yanaşı, Xocalı soyqırımı qurbanlarının qisaslarını da aldığını qeyd edib. Rayon rəhbəri sonda bir daha şəhidlərimizə, faciə qurbanlarına Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. 

Tədbirdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub. Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi Son döyüş“ kompozisiyası ilə soyqırım qurbanlarının xatirəsini anıblar. 

Türkan Rəhimova “Şəhid qızı”, Vüsal Osmanlı “Xocalı qan ağlayır”, Müjgan Məhərrəmova “Əlvida”, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin Xor qrupu “Xocalı”, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin Xor qrupu ”Millətim” musiqi nömrələri ilə soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.


GOYEZEN.AZ



Facebook-da paylaş