• Təqvim

  • Unutma

  • Maraq



Qazax: Yaralı gizir evində ziyarət edilib

Respublika mətbuatı Qazax haqqında


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, ictimai birliyin üzvlərindən şair Rəfail İncəyurd, keçmiş polis polkovniki Müzəffər Süleymanov, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Vətən müharibəsi iştirakçısı, "Şöhrət" ordenli, "Tərəqqi" medallı, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov yaralı gizirimiz Bəkirov Rafiq Səlim oğlunu evində ziyarət ediblər.

Gizirimizin səhhəti, qayğıları ilə maraqlanan rayon rəhbəri dövlətin hər zaman onun və ailəsinin yanında olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr etdiyi qeyd edilib. Bu gün Rafiq kimi oğullarımızla hər bir azərbaycanlının qürur duyduğu bildirilib. İllər keçsə belə, bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımızın, eləcə də sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan, yaralanan qəhrəmanlarımızın heç vaxt unudulmayacağı qeyd edilib.

"Bir an olsun belə düşmən qarşısından geri çəkilmədik. Düşmən təxribatının qarşısını almaq üçün hamı bir nəfər kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq tək birləşmişdi. Hərbçilərimizdə döyüş ruhu yüksək səviyyədə idi", - söyləyən gizir Rafiq Bəkirov döyüş dolu anları bu gün qürurla xatırlayır. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla anır, sağlamlığını itirən qazilərimizə tez zamanda sağalmalarını arzulayır. R.Bəkirov istər xəstəxanada ona göstərilən qayğıdan, istərsə də ailəsinə olan dəstəkdən, ayrılan diqqətdən razılıq edir. Hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirir. Bugünkü ziyarəti hərbçilərimizə, yaralılarımıza olan dövlət qayğısının bariz nümunəsi kimi qeyd edir.

Bəkirov Rafiq Səlim oğlu 21 sentyabr 1989-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbini bitirib. 2012-ci ildən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak edib. 13 sentyabr 2022-ci il tarixdə "N" saylı hərbi hissənin nəzdində gizir rütbəsində Laçın istiqamətində gedən döyüşlərdə yaralanıb. Kəllə-beyin travması və sol qolundan qəlpə yarası alıb. Ailəlidir, iki qız, bir oğul övladı var.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri,

23 sentyabr 2022-ci il, 10-cu səhifə




Facebook-da paylaş