• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib


İyulun 2-də Azərbaycan Polisi yaranmasının 103-cü ildönümünü qeyd edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.









 

Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək Şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının, eləcə də bütün şəhidlərimizin xatirəsini anıblar. Memorial önünə gül düzən tədbir iştirakçıları Vətən övladlarına böyük ehtiramlarını bildiriblər.










Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev tədbiri giriş sözü ilə açaraq polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıb. Azərbaycan Polisinin yaranmasından və ötən 103 il ərzində keçdiyi şanlı tarixi yoldan söz açıb. Qeyd edib ki, 1918-ci il iyulun 2-də asayişin mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanları ötən müddətdə şərəfli bir xidmət yolu keçərək böyük təcrübə qazanmış, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır. Yarandığı gündən şərəfli bir xidmət yolu keçən Azərbaycan Polisi bütün dövrlərdə cinayətkarlıqla mübarizənin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinin ön sıralarında olmuş, respublikanın ərazi bütövlüyü uğurunda döyüşlərdə mərdlik, cəsarət və qəhrəmanlıq göstərmişdir. Fəxr edirik ki, ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin, həmçinin məsul vəzifələri yerinə yetirən Azərbaycan Polisi və onun təarkib hissəsi olan Qazax Rayon Polis Şöbəsi bu tarixi günü qanuna, xalqa, dövlətə, ölkə başçısına sədaqətli xidməti ilə qarşılayır. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi yeni, demokratik Azərbaycanın qurulmasına yönəlmiş strateji kursunu müvəffəqiyyətlə inkişaf etdirən Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük diqqət və qayğısı daxili işlər orqanlarında, o cümlədən Qazax RPŞ-də fəaliyyətin canlanması üçün mühüm stimul olmuş, professionallığın yüksəlməsində və qanunçuluğun möhkəmlənməsində əvəzsiz rol oynamışdır.

Polis rəisi Ə.Əliyev Azərbaycan dövlətinə xidmətə görə hər bir polis əməkdaşına təşəkkür edib. Önəmli fəaliyyəti, dövlətə, dövlətçiliyə və anda sadiqliyi hər zaman yüksək dəyərləndirən Qazax RPŞ-nin əməkdaşlarının hörmətli Nazir general-polkovnik Vilayət Eyvazovun qarşılarına qoyduğu tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə, hüquq qaydalarının və daxili sabitliyin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqlarına, Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcəklərinə əminliyini vurğulayıb. Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü münasibətilə bütün şəxsi heyəti, veteran polis əməkdaşlarını, torpaqlarımızın müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb.

Ə.Əliyev sonda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 103 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini təbrik edib. Qeyd edib ki, nitqimi Ulu Öndər Heydər Əliyevin Polis haqqında işlətdiyi bir ifadə ilə başlamaq istəyirəm: "Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Azərbaycan Polisinin ölkəmizdə ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan icra başçısı bildirib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi təcrübəsi olan Azərbaycan Polisi öz peşə bayramını da məhz Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan Polisinə verilən bu önəmin səbəbi isə ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Azərbaycan Polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib.

İcra başçısı bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan Polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı.

Ulu Öndər Azərbaycan Polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: "Azərbaycan Polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan Polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir”. Rayon rəhbəri qeyd edib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları da ərazilərimizin düşmən hücumundan müdafiəsi zamanı gedən döyüşlərdə fəal iştirak etmişlər. Torpaqlarımızın müdafiəsi zamanı 7 nəfər polis əməkdaşı müxtəlif xəsarətlər almış, 8 nəfər şəhid olmuş, onlardan iki nəfəri Şamoy Çobanov və İlham Fərzəliyev ölümlərindən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Bu gün də Qazax polisi öz xidmətini layiqincə yerinə yetirir.

İcra başçısı vurğulayıb ki, Ulu Öndər 1994-cü il aprelin 29-da nazirliyin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini verdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli Liderin 1994-cü ilin avqust ayında imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla 28.10.1999-cu il tarixdə "Polis haqqında”, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, 30.06.2001-ci il tarixdə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və 18.07.2001-ci il tarixdə "Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbul edildi. Ümummilli Lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı. Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü.

Hadisələrin ən qaynar dövründə - 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə Ulu Öndər Heydər Əliyev vurğulamışdı ki, "Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır”. Göründüyü kimi, ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində, 1993-cü illə müqayisədə 2003-cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və s. təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən "Milli Qəhrəman” adına, orden və medallara layiq görülmüşdü.

 

Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.

Cənab Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”. 

Rayon rəhbəri bildirib ki, 103 illik tarixə malik Azərbaycan Polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir. Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan Polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Təbii ki, bu uğurlar ölkəmizdə sabitliyi pozmağı özlərinin əsas fəaliyyətinə çevirmiş radikal müxalifəti heç cür qane edə bilməz. Çünki belə satqınlar və onlara dəstək verən dairələr ölkədəki əmin-amanlığı, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını həzm edə bilmirlər. Ona görə də qərəz və böhtana əl ataraq, Azərbaycan Polisi haqqında şər və böhtanla dolu informasiyalar yayırlar. Radikal müxalifətin bu "fəaliyyəti”, təbii ki, ölkəmizdəki sabitliyi pozmağa növbəti cəhd və təxribatdır. Sözsüz ki, nə radikal müxalifət, nə də Azərbaycanda əmin-amanlığı pozmağa cəhd edən digər qüvvələr insanları bu yalanlara, böhtanlara inandıra bilməzlər. Çünki xalq həmin qüvvələrin hakimiyyətdə olduğu dövrdə polisin, xüsusi təyinatlı polis dəstələrinin, xüsusilə də bu quruma rəhbərlik edənlərin özlərinin xalqın başına gətirdiyi oyunları, faciələri heç vaxt unutmayıb və unutmayacaq da. Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasındakı çıxışlarının birində müstəqilliyimizin ilk illərində AXC-Müsavat hakimiyyəti dövründə polis özbaşınalığına münasibət bildirərkən demişdir: "Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi. İş burasındadır ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynamışlar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və onun müavinləri özləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır – özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi”. Azərbaycanda sabitliyin pozulması, iqtisadi tənəzzülün getdikcə dərinləşməsi ölkəmizi beynəlxalq aləmdə çox riskli bir ölkə kimi tanıtmış, bunun da acı nəticəsi özünü bütün sahələrdə büruzə vermişdi. Azərbaycana investisiyalar gəlmirdi, iqtisadi inkişaf ümumiyyətlə dayanmışdı. Prezident İlham Əliyevin ölkəmizin sabitlik adasına çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdə xüsusi fəaliyyət göstərən polis orqanları öz xidməti borcunu ləyaqətlə yerinə yetirərək, əhalinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayırlar. Bu gün polis əməkdaşlarını gözdən salmağa cəhd edən radikal müxalifət nümayəndələrinin keçirdikləri aksiyalarda onların təhlükəsizliyinin təmin olunması vəzifəsini də məhz polis orqanları öz üzərinə götürür və bu işi layiqincə yerinə yetirirlər. Biz dəfələrlə şahidi olmuşuq ki, polis əməkdaşları vətəndaşlarımızın həyatının xilas edilməsi üçün böyük fədakarlıq göstərir, hətta, həyatlarını riskə belə atırlar.


Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Bununla yanaşı, daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası daha da möhkəmləndirilib. Son  illərdə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı mübarizədə uğurlu nəticələrə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.

İcra başçısı qeyd edib ki, bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. Bütün dünyada, o cümlədən də ölkəmizdə tüğyan edən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdə daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti, dövlətimizə olan dəstəyi danılmazdır. Bundan əlavə, 44 günlük Vətən müharibəsində istər ictimai asayişin qorunmasında, istər vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polis əməkdaşlarının gördükləri işlər minnətdarlıqla qarşılanmalıdır.

Rayon rəhbəri bildirib ki, Ulu Öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani göstəricisidir.

Qazax Rayon Prokuroru Rauf Gözəlov, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər. 103 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər. Qazaxda bütün hüquq-mühafizə orqanları əməkdaşlarının öz işlərini qarşılıqlı əməkdaşlıq şəraitində qurduqlarını bildirərək vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra böyük səylə çalışacaqlarını vurğulayıblar.






Tədbirdə iştirak edən veteran polis Qayıb Civişov, Qazax RPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı Təhmasib Yusifov, İctimai təhlükəsizlik bölməsinin sahə rəisi polis leytenantı Kamran Məmmədov çıxış edərək polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. 103 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər.

 

Sonra Qazax RPŞ-nin rəisinin Şəxsi Heyətlə İş Üzrə köməkçisi, polis kapitanı Sozalı Vəliyev Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub, Qazax polisinin ünvanına səslənən xoş sözləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra Azərbaycan Respublikası Polisinin yaranmasının 103-cü ildönümü münasibətilə Qazax RPŞ-nin əməkdaşları xidmətdə əldə etdikləri yüksək nəticələrə, xidməti vəzifələrini nümunəvi və layiqincə yerinə yetirdiklərinə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə bir qrup polis əməkdaşı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyevə, Qazax Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Şakir Rüstəmova, Qazax Rayon Polis Şöbəsinin Daş Salahlı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Amil Hacıyevə, Qazax Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün komandiri, polis mayoru Haqverdi Bağırova, Qazax Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin rəisi, polis baş leytenantı Vüqar Məmmədova, Qazax Rayon Polis Şöbəsinin Daş Salahlı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Rəşid Vəliyevə, Qazax rayon Polis Şöbəsinin Təminat hissəsinin kiçik inspektoru, polis baş serjantı Mübariz Vəliyevə səmimi təbriklərini çatdıraraq Fəxri Fərmanları təqdim edib.

Tədbirdə həmçinin, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyevə, Qazax Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Şakir Rüstəmova "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanları təqdim olunub.

Tədbirdə veteran polis işçiləri də hədiyyələrlə mükafatlandırılıblar.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev sonda bir daha bütün polis əməkdaşlarına səmimi arzularını çatdırıb, təbrikə gələn rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını bildirib.
















GOYEZEN.AZ


Facebook-da paylaş