ƏƏSM Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşələr festivalı” keçiriləcək
Bildiyimiz kimi, müasir dünyada əmək bazarında vəziyyət sürətlə dəyişir, inkişaf edir, ölkəmiz də qloballaşan dünyanın tərkib hissəsi kimi əmək bazarının cari tendensiya və çağırışları ilə üzləşir.
Hər zaman yeniliklərə imza atan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz əmək bazarında mövcud vəziyyəti izləmək, peşə və ixtisaslar üzrə çağırışlara uyğun təkliflər vermək, vətəndaşlar, xüsusilə yeniyetmə və gənclər arasında müasir əmək bazarının tələbləri, zəruri peşə və ixtisaslar barədə maarifləndirmə, təbliğat işləri aparmaqdan ibarətdir.
Bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli fəaliyyətin davamı olaraq 15 may – 2 iyun 2022-ci il tarixlərində ölkənin 10 iqtisadi rayonu üzrə 10 müxtəlif şəhərdə müasir əmək bazarında aktual olan peşə və ixtisasın tanıtım və təbliğatı məqsədilə "Peşələr festivalı”nın keçirilməsi nəzərdə tutulub.
Bakı, Şamaxı, Sumqayıt, Lənkəran, Şirvan, Şəki, Mingəçevir, Bərdə, Gəncə, Qazax şəhər və rayonları üzrə təşkil ediləcək festivalın əsas məqsədi vətəndaşların diqqətini peşəyönümü məsləhət xidmətinə cəlb etmək, müasir əmək bazarında mövcud olan peşələrin təbliğatını aparmaqdır.
Hər bir iqtisadi rayonun seçilmiş şəhərinin mərkəzi meydanında təşkil olunacaq festival zamanı iştirakçılara "Öyrən, Əylən, Peşəni seç!” devizi altında müxtəlif öyrədici məlumatlar və interaktiv oyunlarla zəngin proqram təqdim ediləcək. Həmçinin, festivalda iştirak edən yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanacaq, təqdim olunan peşənin tanınmış mütəxəssisləri ilə görüşəcək, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olacaq, öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalana biləcəklər.
İyun ayının 2-də Qazax Gənclər Mərkəzinin qarşısında keçirilməsi nəzərdə tutulan "Peşələr festivalı” rayon gəncləri üçün gələcəkdə peşə seçmələrində geniş imkanlar açacaq.
Aprelin 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və digər aidiyyəti şəxslərlə birlikdə Qazaxda keçiriləcək sözü gedən festivalla bağlı görülməsi nəzərdə tutulan işləri müzakirə edib. Festivalın yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati məsələlərin vaxtında icra olunması, zəruri addımların atılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqların verib.
GOYEZEN.AZ
Facebook-da paylaş