İcra başçısı Çaylı kəndində Şəhidlər xiyabanını ziyarət edib
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bu, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasında, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasında, yenilənməsində, əsaslı şəkildə təmir edilməsində özünü aydın şəkildə göstərir. Kədər və qürur yerimiz olan, şəhərin mərkəzində və kəndlərdə yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhərdəki xiyabana şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün həmin xiyabanlar müqəddəs məkan kimi hər kəsin üz tutduğu, ömür boyu şəhidlərimizi ehtiramla yad edəcəyi əbədi bir ünvandır.
Rayonda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılması, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulması bu dediklərimizin bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən Qazax şəhərində olan 12 adsız küçəyə müxtəlif adda ordenlə təltif olunmuş 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adlarının verilməsi də igid Vətən oğullarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdir.
44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün görülən nümunəvi işlərdən biri də yaradılan Abidə Kompleksidir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət və ehtiramı özündə əks etdirir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi bu gün canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkana çevrilib.
Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi də əziz tutulur. Ən əsası da 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz bir an belə unudulmur. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək ən ümdə vəzifə götürülür.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ənənəsinə sadiq qalaraq Çaylı kəndində yerləşən Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin uyuduğu Şəhidlər xiyabanında olub, igid Vətən oğullarının məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla anıb.
Rayon rəhbəri Vətən uğrunda canlarından keçən, qanları ilə tarix yazan oğullarımızla, şəhidlərimizlə, sağlamlığını itirən qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.
"Bu gün özümə borc bildim ki, şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib.
İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhidlər xiyabanında səliqə-sahmana, təmizliyə daim diqqət ayrılmasını qeyd edən icra başçısı bununla bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Şəhid çavuş Ruslan Aslanovun atası Yaqub Aslanov Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlığını bildirib. Bugünkü ziyarəti xiyabanda uyuyan şəhidlərin timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.
GOYEZEN.AZ
Facebook-da paylaş