Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət edib
2020-ci
ilin 27 sentyabrında başlayan və 44 gün sonra torpaqlarımızın ərazi
bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqil Azərbaycanın
hərb tarixinə, xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 44 günlük
müharibədə şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş
Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son
qoydu. "Qarabağ
Azərbaycandır!” deyərək haqq savaşına çıxan, bu müqəddəs yolda canından keçən
oğullarımızın, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi Qazaxda hər
zaman əziz tutulur. Qazaxda şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bunu rayon
rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim
qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılmasından, yenilənməsindən, əsaslı şəkildə təmir edilməsindən aydın
şəkildə görmək olar. Hər birimizin üz tutduğu müqəddəs məkanda, şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri,
şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin əyani sübutudur. Rayonda Vətən müharibəsi şəhidlərinin
adlarının əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi
ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən
Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan
yazanlar" kitabının yazılması, Qazax
Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən
uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə guşənin yaradılması, şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin də
lövhələrinin vurulması bu dediklərimizin bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan
igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək
üçün görülən nümunəvi işlərdən biri də yeni yaradılan Abidə Kompleksidir. Şəhərin
Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın
ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət
və ehtiramı özündə əks etdirir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi
bu gün canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın xatirəsini
əbədiləşdirən müqəddəs bir məkana çevrilib. Bu gün bu məkan nəinki rayon sakinlərinin, eləcə də Qazaxa qonaq
gələn hər kəsin üz tutduğu, ziyarət etdiyi, şəhidlərimizə olan ehtiramlarını
çatdıracağı müqəddəs bir ünvandır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, rayonumuzda qonaq olan Milli
Məclisin deputatı Ülviyyə Ağayeva Vətən müharibəsi şəhidlərinin
xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər. Komplekslə tanış olan millət vəkili qəhrəman
oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində yaradılan Abidə Kompleksini yüksək qiymətləndirib.
Şəhidlərimizin adlarının yaşadılması üçün atılan
nümunəvi addıma görə rayon rəhbərliyinə minnətdarlıq edib, təqdirəlayiq iş kimi
dəyərləndirib. GOYEZEN.AZ
Facebook-da paylaş