Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən abidə kompleksi yaradılacaq
Qazaxda dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bunu rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, yenilənməsindən, əsaslı şəkildə təmir edilməsindən aydın şəkildə görmək olar. Hər birimizin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Rayonda şəhidlərimizlə bağlı görülmüş işlər bununla da bitmir. Şəhidlərimizin adını əbədiləşdirən daha bir ünvan isə Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədir. Bu, yenə də şəhidlərimizə olan hörmət və etiramı özündə əks etdirir.
Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi də əziz tutulur. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz hər an xatırlanır. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək ən ümdə iş hesab edilir.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşədə Vətən müharibəsi şəhidlərinin yer alması bu sahədə atılan ilk addımlardan biridir.
Təqdirəlayiq haldır ki, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlər bu gün də davam etdirilir.
Hazırda 44 günlük savaşda adlarını tarixin yaddaşına qızıl hərflərlə yazdıran Qazaxın 50 nəfər igid oğlunun xatirəsini əbədiləşdirəcək abidə kompleksinin yaradılması nəzərdə tutulub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə abidənin yaradılacağı ərazidə olub, yerində baxış keçirib. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılacaq abidə üçün görülməsi nəzərdə tutulan işlərə başlanılması ilə bağlı aidiyyatı üzrə lazımi tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş