Qazaxda Şəhidlər xiyabanına Vətən müharibəsi şəhidlərinin də şəkilləri əks olunmuş lövhələr vurulacaq
Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı
qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. Gələcəyimiz olan gənc nəsli
vətənpərvər ruhda tərbiyə etmək, torpağımıza, yurd-yuvamıza olan sevgi onların
qanına, canına hopsun deyə onları hər zaman şəhidlərimizin döyüş yolu ilə tanış
etmək, şəhidlərimizə, onların ailələrinə hörmət və ehtiram hissi ilə böyütmək
hər birimizin ən ümdə vəzifəsi və işi olmalıdır. Yetişməkdə olan gələcək nəsil
bilməlidir ki, Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil,
Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz Vətənin suyunu
içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu
torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş,
uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, Şəhidlik
zirvəsinə yüksəlmişlər. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən
qəhrəmanlarımız bizim qürurumuzdur. Yurdumuzun bütövlüyü naminə canlarından
keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri, qəhrəmanlıqları ilə hər
zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri,
qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi həyat
yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və
düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin
əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və
ruhlarını şad etmək isə bizim hər birimizin borcu olmalıdır. "Torpaq, uğrunda
ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu
gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli,
Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Ölkə
Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə,
onların ailə üzvlərinə olan diqqət və qayğıları rayonumuzda da hər zaman örnək
götürülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun fəaliyyətə
başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı
şəkildə təmir edilməsi Qazaxda şəhidlərimizə olan hörmət və ehtiramının bariz
nümunəsidir. Heç təsadüfi deyil ki, rayon rəhbəri tərəfindən Qazaxda aparılan
abadlıq işlərinə ilk dəfə Şəhidlər xiyabanından start verildi. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin əyani sübutu oldu. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən
gələn qonaqlar belə hüzn və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş
çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş
lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Şəhərin mərkəzində hər bir rayon sakininin üz tutduğu
müqəddəs məkana, ziyarətgaha çevrilən Şəhidlər xiyabanına İkinci Qarabağ
müharibəsi, Vətən müharibəsi şəhidlərinin də şəkilləri əks olunmuş löhvələr
vurulacaq. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov rayonun ziyalıları və aidiyyəti şəxslərlə birlikdə
Şəhidlər xiyabanında olub, şəhidlərimizin şəkli əks olunmuş lövhələrin vurulacağı
yer müzakirə edilib. Rayon rəhbərliyi şəhidlərimizin şəkli, ad, soyadı, ata
adı, doğum və ölüm tarixləri əks olunmuş lövhələrin hazırlanması, Şəhidlər
xiyabanında ayrılmış hissəyə vurulması üçün aidiyyəti üzrə tapşırıq və
tövsiyələrini verib. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının
sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal ziyalılar və rayon
ictimaiyyəti adından şəhidlərimizə göstərilən diqqət və qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlığını bildirib. İlk gündən şəhidlərimizə, onların ailələrinə
göstərilən səmimi münasibətə, qayğıya görə rayon rəhbərliyinə razılığını ifadə
edib. Ölkə başçısının şəhidlərimizlə bağlı verdiyi tapşırıq və tövsiyələrin
rayonumuzda yüksək səviyyədə icra olunmasını minnətdarlıq hissi ilə
qarşıladığını bildirib. Şəhərin mərkəzində şəhidlərimizin xatirəsini
əbədiləşdirmək məqsədilə yaradılan Şəhidlər xiyabanının gələcək nəsillərin
vətənpərvər ruhda böyüməsində, gənclərimizdə Vətənə, torpağa sevgi hissinin
aşılanmasında mühüm rol oynadığını qeyd edib. Bu gün hər bir rayon sakininin
fəxr və qürur hissi ilə ziyarət etdiyi Şəhidlər xiyabanını Vətən uğrunda canlarını
fəda edən oğul və qızlarımıza verilən ən böyük dəyər kimi qiymətləndirib. GOYEZEN.AZ
Facebook-da paylaş