• Təqvim

  • Unutma

  • Maraq



Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin xatirəsini əbədiləşdirən guşə yaradılacaq


Vətən torpaqlarının qorunmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin şərəfli döyüş yolu, qəhrəmanlığı hər zaman gənclərimizə, gələcək nəsillərə örnək olmalıdır. Hər birimiz Azərbaycan vətəndaşı olaraq şəhidlərimizi, Milli Qəhrəmanlarımızı tanımalı və tanıtmaq üçün bu yolda əməli addımlar atmalıyıq. Vətən torpağı tam olsun deyə canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğul və qızlarımızı yad etmək, onların xatirəsini əbədiləşdirmək hər birimizin ən başlıca vəzifəsi olmalıdır.

Vətən torpağını canı qədər sevən, qorumaq üçün bu yolda ölümün gözünə dik baxaraq döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Şəhidlərimizin keçdikləri döyüş yolunun, Vətən, xalq, dövlət naminə göstərdikləri şücaətin gələcək nəsillərə çatdırılmasında Muzeylərin də böyük rolu vardır. Tarixi keçmişimizi özündə yaşadan Muzeylərdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə guşələrin yaradılması olduqca təqdirəlayiq haldır.

Qazax Tarix-Diyarşünaslıq Muzeyində də Vətən uğrunda canından keçən şəhidlərimizin, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə guşə yaradılacaq.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli və digər aidiyyəti şəxslərlə birlikdə Qazax Tarix-Diyarşünaslıq Muzeyində olub. Muzeydə yeni yaradılacaq guşə üçün ayrılan yerlə tanış olub, görülməsi nəzərdə tutulan işlər müzakirə edilib. Yaradılacaq guşə üçün lazımi hazırlıqların aparılması istiqamətində tapşırıqlarını verib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova şəhidlərimizə göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Muzeydə şəhidlərimizlə bağlı guşənin yaradılmasını şəhidlərimizə, onların ruhuna olan hörmət və ehtiramın daha bir bariz nümunəsi kimi qiymətləndirib. Muzeyə ekskursiya edən vətəndaşlara, xaricdən gələn qonaqlara şəhidlərimiz, onların döyüş yolu haqqında məlumat çatdırmağın, onlarla fəxr etməyin, qürur hissi keçirməyin hər bir işçinin üzərinə düşən ən böyük iş və vətəndaşlıq borcu olduğunu qeyd edib.

GOYEZEN.AZ



Facebook-da paylaş