Şəhidlik zirvəsini fəth edənlər heç vaxt unudulmur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Vətən torpaqlarının qorunmasında, Azərbaycanın bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir
Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanıtmaq uğrunda
çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Çünki Vətən torpağı tam olsun deyə canından, qanından keçərək şəhidlik
zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğul
və qızlarımızı yad etmək hər birimizin ən müqəddəs borcu, ən başlıca vəzifəsi
olmalıdır. Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan
zaman anlamalıdır ki, şəhidlik adlı zirvəyə yol ancaq Vətəni,
torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu
gedənlər, şəhidlik adlı zirvəni fəth edənlər isə adlarını Vətənimizin, dövlətimizin tarixinə
qızıl hərflərlə yazırlar. Vətən naminə canlarını fəda edən,
torpaqlarının ərazi bütövlüyü yolunda öz qanları ilə adlarını şəhidlik adlı
zirvəyə yazan şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə
atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş
ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə
168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala
Cəfərli kimi 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər
zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə
yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən
şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir
edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və
şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz
nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər
və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər
çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz
xatirələrini ehtiramla yad edirlər. Qazaxda torpaqlarımızın
azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də
yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini
yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə
çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü
olan şəhidlərimizdən – Vüqar Nəbiyevin, Rövşən Pənahovun, Ziyad Məmmədovun, Səhlədar Məhərrəmovun, Hafiz Adıgözəlovun, Firuddin
Şamoyevin, Saqif Nəsirovun, Ürfət Bənnayevin,
Xədicə Kazımovanın əziz xatirəsini yad edirik. Nəbiyev
Vüqar Müzəffər oğlu
Nəbiyev Vüqar Müzəffər oğlu 1 avqust 1967-ci
ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuşdur. 1974-cü ildə yaşadığı
kənddə 1-ci sinifə daxil olmuşdur. 1984-cü ildə həmin orta məktəbi bitirmişdir.
1985-1987-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci ildə
Qazax rayonunun Birinci Şıxlı kəndinə gələrək ailə həyatı qurmuşdur. 1991-ci
ildə könüllü olaraq Milli Orduda xidmət etməyə başlamışdır. 2 fevral 1993-cü
ildə döyüş zamanı itkin düşmüşdür. 2006-cı ildə Qazax rayon Məhkəməsinin qərarı
ilə şəhid statusu almışdır. Ailəlidir və bir oğlu var. Pənahov Rövşən Fərman oğlu
Pənahov Rövşən Fərman oğlu 3
fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.
1982-1993-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəbdə təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Aşağı
Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Məmmədov Ziyad Məhəmməd oğlu
Məmmədov
Ziyad Məhəmməd oğlu 28 avqust 1965-ci ildə
Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1972-1980-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində 8 illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini
davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi borcunu yerinə yetirərək Vətənə, öz kəndinə qayıdaraq sovxozda traktorçu-maşınist işləmişdir. 1993-cü ildə erməni quldurlarının
torpaqlarımıza etdiyi təzavüz zamanı Ziyad da Milli Ordu sıralarına səfərbər
olmuşdur. "N” saylı hərbi hissədə
xidmət etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki Vəlixan
meşəsi və Cəfərli kəndinin Qaraçal yüksəkliyi
uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü il fevral ayının 4-də Vəlixan meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd körpələr–evi uşaq bağçası şəhid Ziyad Məmmədovun
adını daşıyır. Məhərrəmov Səhlədar Süleyman
oğlu
Məhərrəmov
Səhlədar Süleyman oğlu 13 may 1938-ci ildə Qazax rayonunun Barxudarlı kəndində
anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran
zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarasından vəfat
etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir. Adıgözəlov
Hafiz Ramiz oğlu
Adıgözəlov Hafiz Ramiz oğlu 5 fevral 1990-cı ildə
Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 24 mart 1990-cı ildə
Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində yandırılaraq həlak
olmuşdur. Şamoyev Firuddin İsa oğlu
Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının
7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır.
1981-1983-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi
hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax
şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır.
Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi
qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz
dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd
bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir,
əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən
ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün
komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs
Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak
etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 13
aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7
iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev Firuddin İsa oğluna
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Qazax şəhər 4 nömrəli tam orta məktəb və Qazax
şəhərindəki küçələrdən biri onun adını daşıyır. Bundan əlavə, şəhərin girişində
Milli Qəhrəmanın adını əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunmuşdur. Nəsirov Saqif Nəsir oğlu
Nəsirov
Saqif Nəsir oğlu 25 mart 1973-cü ildə Qazax
rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1980-88-ci illərdə Ürkməzli kənd
tam orta məktəbinin 8-ci sinfini bitirmişdir. Təhsilini 117 saylı Texniki Peşə
Məktəbində davam etdirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmış, Bakı şəhərində
Daxili Qoşunlarda hərbi xidmətə başlamışdır. 7 fevral 1993-cü ildə Ağdərə
uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ürkməzli kənd
tam orta məktəbi şəhid Saqif Nəsirovun adını daşıyır. Bənnayev Ürfət Yolçu oğlu
Bənnayev
Ürfət Yolçu oğlu 15 dekabr 1974-cü ildə Qazax rayonunun Bala Çaylı (əvvəlki
Kommuna) kəndində anadan olmuşdur. 1980-ci ildə Kommuna (indiki Bala Çaylı) kənd
tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci
sinfini bitirmişdir. 1988-1990-cı illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin
10-cu sinfini bitirmişdir. 1991-ci ildə hərbi xidmətə getmişdir. Bənnayev Ürfət
Yolçu oğlu 7 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə itkin düşmüşdür. Kazımova Xədicə İsmayıl qızı
Kazımova Xədicə İsmayıl qızı 22 iyul 1987-ci ildə
Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 7 fevral 1993-cü ildə Kəmərli
kəndində ermənilərin atdığı mərminin dəyməsi nəticəsində həlak olmuşdur.
Facebook-da paylaş