Torpağı Vətən edən şəhidlər əbədi qəlblərdə yaşayırlar
Şəhidlər! Azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın var olması üçün ölümün gözünə dik baxan şəhidlər. Hər birinin ömür yolu, şücaəti gələcək nəsillərə örnək olan şəhidlər. Vətən torpağı tam olsun deyə canından, qanından keçərək uca bir zirvəyə - şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanlarımızı, şəhidlərimizi böyük ehtiramla xatırlamaq, yad etmək hər birimizin ən müqəddəs borcu, ən başlıca vəzifəsi olmalıdır.
Bu gün böyüməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan zaman bilməlidir ki, şəhidlik adlı zirvəyə gedən yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənlər, şəhidlik adlı zirvəni fəth edənlər, adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazanlar isə əbədi olaraq qəlblərdə yaşayırlar.
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər zaman əziz tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. İcra başçısının rəhbər kimi təyin olunduğu ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.
Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.
GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən - Bəkir Həsənovun, Ruslan Aslanovun, Çərkəz Həsənovun, Emin Qurbanovun, Sərdar İsmayılovun əziz xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Həsənov Bəkir Oruc oğlu
Həsənov Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1958-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həsənov Bəkir Oruc oğlu 30 dekabr 1993-cü ildə şəhid olmuşdur.
Aslanov Ruslan Yaqub oğlu
Aslanov Ruslan Yaqub oğlu 19 fevral 1969-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1977-ci il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra polis əməkdaşı kimi xidmət etmişdir. Aslanov Ruslan Yaqub oğlu 28 fevral 1992-ci ildə Bala Cəfərli kəndində polis əməkdaşı olaraq xidməti vəzifəsini icra edərkən şəhid olmuşdur. Çaylı kəndində bir bulağa şəhid Ruslan Aslanovun adı verilmişdir.
Həsənov Çərkəz Muxtar oğlu
Həsənov Çərkəz Muxtar oğlu 21 fevral 1966–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1973-cü ildə Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur.
1990-cı ildə Qazax rayon Polis şöbəsində polis nəfəri kimi iş fəaliyyətinə başlamışdır. 18 iyul 1992-ci ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərarı ilə ölmüş hesab edilmişdir. Evlidir. 2 övladı var. Ailəsi Gəncə şəhərində qeydiyyatdadır. Dövlət tərəfindən ailəsi evlə təmin olunmuşdur.
Qurbanov Emin Murad oğlu
Qurbanov Emin Murad oğlu 23 fevral 1969-cu ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 177 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-89-cu illərdə keçmiş sovetlər birliyində hərbi xidmət keçmişdir. Hərbidən qayıtdıqdan sonra sovxozda fəhlə işləmişdir. 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Vətənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 aprel 1993-cü ildə Ağdərənin "Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd tam orta məktəbi şəhid Emin Qurbanovun adını daşıyır.
İsmayılov Sərdar İsgəndər oğlu
İsmayılov Sərdar İsgəndər oğlu 15 mart 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Ç.İldırım adına Politexnik İnstitutuna daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirərək Kemerovo vilayətinə göndərilmiş, orada zavodlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayan zaman Sərdar İsmayılov Vətənə dönmüş, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
İsmayılov Sərdar İsgəndər oğlu 23 fevral 1997-ci ildə şəhid olmuşdur. Baş leytenant rütbəsində idi. Subay idi.
Facebook-da paylaş