İcra başçısı Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin xatirəsini əbədiləşdirən guşə ilə tanış olub
Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qanı
bahasına qoruyaraq Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin şərəfli
döyüş yolunu, qəhrəmanlığını gənclərimizə, gələcək nəsillərə örnək göstərmək ölkə
vətəndaşı olaraq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Milli
Qəhrəmanlarımızı, şəhidlərimizi tanımalı və tanıtmaq uğrunda var qüvvəmizlə
çalışmalı, bu yolda əməli işlər görməliyik. Vətən torpağı tam olsun deyə
canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur
hissi ilə andığımız qəhrəman oğullarımızı yad etmək, onların xatirəsini
əbədiləşdirmək üçün əməli addımlar atmalıyıq. Vətən torpağını canı qədər sevən, qorumaq üçün bu
yolda ölümün gözünə dik baxaraq döyüşə atılan
igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu
qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168
km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi
mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin doğum və anım günlərinin qeyd
olunması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin bariz nümunəsidir. Şəhidlərimizin keçdikləri döyüş yolunun,
Vətən, xalq, dövlət naminə göstərdikləri şücaətin gələcək nəsillərə
çatdırılmasında Muzeylərin də böyük rolu vardır. Tarixi keçmişimizi özündə
yaşadan Muzeylərdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə guşələrin
yaradılması olduqca təqdirəlayiq haldır. Ötən yazılarımızdaQazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən
şəhidlərimizin, istər Birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsi, 44
günlük haqq savaşında, eləcə də 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri
zamanı şəhid olmuş igid Vətən oğullarının xatirəsinə guşə yaradılması barədə
məlumat vermişdik. Artıq şəhidlərimizin xatirəsini əbədiləşdirən guşə hazırdır.
Muzeyin ikinci mərtəbəsində yaradılmış guşə nəfis tərtibatı ilə göz oxşamaqla
yanaşı, igid, cəsur, qəhrəman oğullarımıza olan hörmət və ehtiramı da özündə
nümayiş etdirir. Vətən torpaqlarının
ərazi bütövlüyü uğrunda canından keçmiş 338 nəfər qazaxlı şəhidin
fotoşəkillərindən ibarət olan guşədə qəhrəman oğullarımızın xatirəsi dərin
ehtiramla yad olunur. Yaradılan guşə şəhidlərimizin döyüş yolundan, qazandığımız
tarixi Qələbədən, həmin şanlı Zəfərdə Qazaxın igid, mərd oğullarının da payının
olmasından xəbər verir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul
şəxsləri ilə birlikdə Qazax
Tarix-Diyarşünaslıq Muzeyində olub, şəhidlərimizin
xatirəsini əbədiləşdirən guşənin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon
rəhbərliyinə məlumat verilib ki, guşə tam hazırdır. Guşədə şəhidlərimizin
şəkilləri, doğum və ölüm tarixləri, rütbələri əks olunub. Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz
Alişanova şəhidlərimizə göstərilən qayğıya görə rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Muzeydə şəhidlərimizlə bağlı guşənin yaradılmasını
şəhidlərimizə, onların ruhuna olan hörmət və ehtiramın daha bir bariz nümunəsi
kimi qiymətləndirib. Muzeyə ekskursiya edən vətəndaşlara, xaricdən gələn
qonaqlara şəhidlərimiz, onların döyüş yolu haqqında məlumat çatdırmağın,
onlarla fəxr etməyin, qürur hissi keçirməyin hər bir işçinin üzərinə düşən ən
böyük iş və vətəndaşlıq borcu olduğunu qeyd edib. GOYEZEN.AZ
Facebook-da paylaş