İcra başçısı Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin xatirəsini əbədiləşdirəcək guşənin son hazırlıq prosesləri ilə əlaqədar guşənin hazırlandığı "Saloğlu” mebel fabrikində olub
Vətən torpaqlarının qorunmasında, Azərbaycanın ərazi
bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin şərəfli döyüş yolu, qəhrəmanlığı
hər zaman gənclərimizə, gələcək nəsillərə örnəkdir. Hər birimiz ölkə vətəndaşı
olaraq Milli Qəhrəmanlarımızı, şəhidlərimizi tanımalı və tanıtmaq üçün bu yolda
əməli işlər görməliyik. Vətən torpağı tam olsun deyə canından, qanından keçərək
Şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız
igid oğullarımızı yad etmək, onların xatirəsini əbədiləşdirmək hər birimizin ən
başlıca vəzifəsi olmalıdır. Vətən torpağını canı qədər sevən, qorumaq üçün bu yolda
ölümün gözünə dik baxaraq döyüşə atılan igid
oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı
gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km
sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi
mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin doğum və anım günlərinin qeyd
olunması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi,
əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində
yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da
şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin bariz nümunəsidir. Şəhidlərimizin keçdikləri döyüş yolunun,
Vətən, xalq, dövlət naminə göstərdikləri şücaətin gələcək nəsillərə
çatdırılmasında Muzeylərin də böyük rolu vardır. Tarixi keçmişimizi özündə
yaşadan Muzeylərdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə guşələrin
yaradılması olduqca təqdirəlayiq haldır. Ötən yazımızda Qazax
Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən şəhidlərimizin,
istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinin
xatirəsinə guşə yaradılması barədə məlumat vermişdik. Artıq demək olar ki,
guşənin son tamamlanma işləri aparılır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul
şəxsləri və digər aidiyyəti şəxslərlə birlikdə Muzeydə şəhidlərimizin
xatirəsini əbədiləşdirəcək guşənin son hazırlıq prosesləri ilə əlaqədar guşənin
hazırlandığı "Saloğlu” mebel fabrikində olub. Guşənin mövcud
vəziyyəti ilə maraqlanıb və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sonra icra başçısı ölkə Prezidenti İlham Əliyevin
2016-cı ilin 19 oktyabrında təməlini qoyduğu "Venzana” layihəsi üzrə reallaşan yeni fabrikin inşası ilə tanış
olub.
"Saloğlu” mebel firmasının direktoru
Tacəddin Mustafayev görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib
ki, hazırda son tamamlanma işi aparılır. Bildirib ki, "Venzana” layihəsi
təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni zamanda bölgədə
işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən
biridir. Bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının güclənməsi, həm
də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir. Yeni inşa edilən fabrik
fəaliyyətə başladıqdan sonra idxaldan asılılığı azaldacaq, əlavə vəsait
xərclənməsinin qarşısını alacaq, ən əsası da əhalinin məşğulluğunu artıracaq.
Eyni zamanda əsas hədəflərdən biri də məhsul istehsalını artırmaq və daxili
bazarı gücləndirməkdir. Xarici bazarda isə "Made in Azerbaijan” brendini bundan sonra
da layiqincə təmsil etməkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş