Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin xatirəsini əbədiləşdirəcək guşənin son hazırlıq prosesləri ilə əlaqədar guşənin hazırlandığı "Saloğlu” mebel fabrikində olub
İcra başçısı Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin xatirəsini əbədiləşdirəcək guşənin son hazırlıq prosesləri ilə əlaqədar guşənin hazırlandığı "Saloğlu” mebel fabrikində olub17-04-2021, 14:54 |
Vətən torpaqlarının qorunmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin şərəfli döyüş yolu, qəhrəmanlığı hər zaman gənclərimizə, gələcək nəsillərə örnəkdir. Hər birimiz ölkə vətəndaşı olaraq Milli Qəhrəmanlarımızı, şəhidlərimizi tanımalı və tanıtmaq üçün bu yolda əməli işlər görməliyik. Vətən torpağı tam olsun deyə canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğullarımızı yad etmək, onların xatirəsini əbədiləşdirmək hər birimizin ən başlıca vəzifəsi olmalıdır. Vətən torpağını canı qədər sevən, qorumaq üçün bu yolda ölümün gözünə dik baxaraq döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Şəhidlərimizin keçdikləri döyüş yolunun, Vətən, xalq, dövlət naminə göstərdikləri şücaətin gələcək nəsillərə çatdırılmasında Muzeylərin də böyük rolu vardır. Tarixi keçmişimizi özündə yaşadan Muzeylərdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə guşələrin yaradılması olduqca təqdirəlayiq haldır. Ötən yazımızda Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən şəhidlərimizin, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə guşə yaradılması barədə məlumat vermişdik. Artıq demək olar ki, guşənin son tamamlanma işləri aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və digər aidiyyəti şəxslərlə birlikdə Muzeydə şəhidlərimizin xatirəsini əbədiləşdirəcək guşənin son hazırlıq prosesləri ilə əlaqədar guşənin hazırlandığı "Saloğlu” mebel fabrikində olub. Guşənin mövcud vəziyyəti ilə maraqlanıb və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sonra icra başçısı ölkə Prezidenti İlham Əliyevin 2016-cı ilin 19 oktyabrında təməlini qoyduğu "Venzana” layihəsi üzrə reallaşan yeni fabrikin inşası ilə tanış olub.
"Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, hazırda son tamamlanma işi aparılır. Bildirib ki, "Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni zamanda bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. Bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir. Yeni inşa edilən fabrik fəaliyyətə başladıqdan sonra idxaldan asılılığı azaldacaq, əlavə vəsait xərclənməsinin qarşısını alacaq, ən əsası da əhalinin məşğulluğunu artıracaq. Eyni zamanda əsas hədəflərdən biri də məhsul istehsalını artırmaq və daxili bazarı gücləndirməkdir. Xarici bazarda isə "Made in Azerbaijan” brendini bundan sonra da layiqincə təmsil etməkdir.
GOYEZEN.AZ Geri qayıt |