Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin xatirəsini əbədiləşdirən guşə ilə tanış olub

İcra başçısı Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin xatirəsini əbədiləşdirən guşə ilə tanış olub


4-05-2021, 18:20


Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qanı bahasına qoruyaraq Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin şərəfli döyüş yolunu, qəhrəmanlığını gənclərimizə, gələcək nəsillərə örnək göstərmək ölkə vətəndaşı olaraq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Milli Qəhrəmanlarımızı, şəhidlərimizi tanımalı və tanıtmaq uğrunda var qüvvəmizlə çalışmalı, bu yolda əməli işlər görməliyik. Vətən torpağı tam olsun deyə canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə andığımız qəhrəman oğullarımızı yad etmək, onların xatirəsini əbədiləşdirmək üçün əməli addımlar atmalıyıq.

Vətən torpağını canı qədər sevən, qorumaq üçün bu yolda ölümün gözünə dik baxaraq döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Şəhidlərimizin keçdikləri döyüş yolunun, Vətən, xalq, dövlət naminə göstərdikləri şücaətin gələcək nəsillərə çatdırılmasında Muzeylərin də böyük rolu vardır. Tarixi keçmişimizi özündə yaşadan Muzeylərdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə guşələrin yaradılması olduqca təqdirəlayiq haldır.

Ötən yazılarımızdaQazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən şəhidlərimizin, istər Birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsi, 44 günlük haqq savaşında, eləcə də 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı şəhid olmuş igid Vətən oğullarının xatirəsinə guşə yaradılması barədə məlumat vermişdik. Artıq şəhidlərimizin xatirəsini əbədiləşdirən guşə hazırdır. Muzeyin ikinci mərtəbəsində yaradılmış guşə nəfis tərtibatı ilə göz oxşamaqla yanaşı, igid, cəsur, qəhrəman oğullarımıza olan hörmət və ehtiramı da özündə nümayiş etdirir.  Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş 338 nəfər qazaxlı şəhidin fotoşəkillərindən ibarət olan guşədə qəhrəman oğullarımızın xatirəsi dərin ehtiramla yad olunur. Yaradılan guşə şəhidlərimizin döyüş yolundan, qazandığımız tarixi Qələbədən, həmin şanlı Zəfərdə Qazaxın igid, mərd oğullarının da payının olmasından xəbər verir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qazax Tarix-Diyarşünaslıq Muzeyində olub, şəhidlərimizin xatirəsini əbədiləşdirən guşənin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, guşə tam hazırdır. Guşədə şəhidlərimizin şəkilləri, doğum və ölüm tarixləri, rütbələri əks olunub.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova şəhidlərimizə göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Muzeydə şəhidlərimizlə bağlı guşənin yaradılmasını şəhidlərimizə, onların ruhuna olan hörmət və ehtiramın daha bir bariz nümunəsi kimi qiymətləndirib. Muzeyə ekskursiya edən vətəndaşlara, xaricdən gələn qonaqlara şəhidlərimiz, onların döyüş yolu haqqında məlumat çatdırmağın, onlarla fəxr etməyin, qürur hissi keçirməyin hər bir işçinin üzərinə düşən ən böyük iş və vətəndaşlıq borcu olduğunu qeyd edib.

GOYEZEN.AZ


Geri qayıt