Əsas Səhifə > Manşet / Şəhidlər > Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət edib

Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət edib


6-11-2021, 23:29


2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün sonra torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinə, xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 44 günlük müharibədə şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu.

"Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan, bu müqəddəs yolda canından keçən oğullarımızın, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Qazaxda şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bunu rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, yenilənməsindən, əsaslı şəkildə təmir edilməsindən aydın şəkildə görmək olar. Hər birimizin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur.


Rayonda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə guşənin yaradılması, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin də lövhələrinin vurulması bu dediklərimizin bariz nümunəsidir.

44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün görülən nümunəvi işlərdən biri də yeni yaradılan Abidə Kompleksidir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət və ehtiramı özündə əks etdirir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi bu gün canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkana çevrilib.

Bu gün bu məkan nəinki rayon sakinlərinin, eləcə də Qazaxa qonaq gələn hər kəsin üz tutduğu, ziyarət etdiyi, şəhidlərimizə olan ehtiramlarını çatdıracağı müqəddəs bir ünvandır.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonumuzda qonaq olan Milli Məclisin deputatı Ülviyyə Ağayeva Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər.

Komplekslə tanış olan millət vəkili qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində yaradılan Abidə Kompleksini yüksək qiymətləndirib. Şəhidlərimizin adlarının yaşadılması üçün atılan nümunəvi addıma görə rayon rəhbərliyinə minnətdarlıq edib, təqdirəlayiq iş kimi dəyərləndirib.




GOYEZEN.AZ


Geri qayıt