Qazaxda Vətən uğrunda canından keçən şəhidlərin adlarını əbədiləşdirən abidə kompleksinin inşasına başlanılıb
Müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi Qazaxda hər zaman əziz tutulur, şəhidlərimiz həmişə ehtiramla anılır. Şəhidlərimizin ailə üzvlərinə dövlət qayğısı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi dediklərimizin bariz nümunəsidir. Bu istiqamətdə görülən işlərin əyani sübutu hər birimizin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasıdır. Bundan əlavə, şəhidlərimizin adını əbədiləşdirən daha bir ünvan Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədir.
Təqdirəlayiq haldır ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlər bu gün də davam etdirilir.
Ötən yazımızda adlarını tarixin yaddaşına qızıl hərflərlə yazdıran Qazaxın igid oğullarının xatirəsini əbədiləşdirəcək abidə kompleksinin yaradılması barədə məlumat vermişdik. Artıq abidə kompleksinin inşasına başlanılıb. Hazırda hörgü işləri aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri, "Şöhrət” ordenli Natiq Əliyev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və bir qrup ziyalı ilə birlikdə abidənin yaradıldığı ərazidə görülmüş işlərlə tanış olub.
Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan abidə üçün görülməsi nəzərdə tutulan işlər müzakirə olunub, fikir mübadiləsi aparılıb. Rayon rəhbəi görülmüş işlərlə əlaqədar aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş