• Təqvim

  • Maraq



Gənclər Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə Kompleksini ziyarət ediblər


Dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayonda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində də nümunəvi işlər həyata keçirilir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşə bu dediklərimizin bariz nümunəsidir. Muzeyin ikinci mərtəbəsində yaradılan bu guşə bu gün hər kəsin ziyarət etdiyi bir ünvandır.

Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi də daim əziz tutulur. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz hər zaman xatırlanır. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə tanıtmaq, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək müqəddəs amal hesab edilir.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşədə Vətən müharibəsi şəhidlərinin şəkillərinin yer alması şəhidlərimizə olan hörmət və etiramın təcəssümüdür.  

44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan Abidə Kompleksi də bu sahədə atılan nümunəvi addımlardan biridir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün görülən təqdirəlayiq bir işdir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi Vətən, xalq, dövlət naminə canını fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkandır. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə yaradılmış guşədən sonra inşa olunan bu Abidə Kompleksi şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramı uzun illər özündə əks etdirəcək. Bu gün yaşından asılı olmayaraq hər kəs bu müqəddəs məkanı ziyarət etməyi, şəhidlərimizə olan ehtiramlarını bildirməyi özlərinə borc bilirlər.

Oktyabrın 8-də Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi və gənc könüllülərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksi ziyarət olunub.

Gənclər Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəllik sükutla yad edib, Abidə Kompleksinin önünə tər qərənfillər düzüblər.





Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxış edərək Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida” şüarının xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu söyləyib. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərliyin xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin baris ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildiyini vurğulayıb. Qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edən natiq 44 günlük Vətən müharibəsində Vətən, xalq, dövlət üçün canlarını fəda edən oğulların xatirəsini əbədiləşdirən Abidə Kompleksini minnətdarlıqla qarşılayıblar. Abidə Kompleksinin təşəbbüskarı olan rayon rəhbərliyinə və ərsəyə gəlməsində əməyi keçən insanlara təşəkkür ediblər. Gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında, şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında belə müqəddəs yerlərin olmasını yüksək qiymətləndiriblər.

 

GOYEZEN.AZ



Facebook-da paylaş