• Təqvim

  • Maraq



İcra başçısı İyul döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədovun cənnətdəki doğum gününü ailəsi ilə birlikdə qeyd edib

Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən igid oğullarımızdan biri də Yuxarı Salahlı kənd sakini, şəhid mayor Əhmədov Namiq Hajan oğludur.

Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyi, qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Namiq Əhmədovun xatirəsi hər zaman əziz tutulur. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Namiq Əhmədov bizim qəlbimizdə əbədi yaşayır. 8 noyabr tarixi bizim üçün əzizdir. Bu gün xalqımız 8 noyabrı 44 günlük Vətən müharibəsinin bizə bəxş etdiyi Zəfər Günü kimi qeyd edir. Bu gün həm də ona görə əzizdir ki, şəhid mayorumuzun cənnətdəki doğum günüdür. Bu gün yaşasaydı 37 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Şəhidlik adlı zirvəyə ucalan şəhidimizin doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Əminik ki, bu gün şəhidimizin ruhu şaddır, arzusunda olduğu Zəfəri qeyd etmək nəsib olub bizlərə...

Dövlətin, dövlət başçısının qayğısını hər an hiss edən şəhidimizin ailəsinə rayon rəhbərliyi tərəfindən də daim qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk gündən şəhidimizin ailəsini diqqətdə saxlayır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin doğum gününü unutmayıb, ənənəsinə sadiq qalaraq şəhidimizin doğulub boya-başa çatdığı ata ocağında olub, ailəsini ziyarət edib.

Rayon rəhbəri icra aparatının məsul şəxsləri, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı laureatı, "Əməkdar Jurnalist” Akif Aşırlı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 8 Noyabr – Zəfər Günü və şəhidimizin doğum günü münasibətilə şəhidimizin ailəsinə səmimi ürək sözlərini bildirib. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib.

Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən də Namiq Əhmədovun qanının yerdə qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun 44 gündə şanlı zəfər tarixi yazaraq böyük Qələbə qazandığını, bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib. Namiq Əhmədov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onların əziz xatirəsinin bundan sonra da daim yad olunacağını söyləyib.


Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan icra başçısı qəhrəman şəhidimizin ölümündən sonra ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi kimi qiymətləndirib. Şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan icra başçısı müvafiq Sərəncamla Qazax şəhəri Səməd Vurğun küçəsindən başlayaraq Qazax rayonu Ağköynək kəndinin Səyad Zeynalov küçəsinədək adsız olan küçənin Tovuz döyüşləri şəhidi 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenli mayor şəhid "Namiq Əhmədov” küçəsi adlandırıldığını bildirib. Rayon rəhbəri qeyd edib ki, mayorumuzun istər ordenə layiq görülməsi, istərsə də adının əbədiləşdirilməsi bir daha onu sübut edir ki, Namiq Əhmədovun xatirəsi hər zaman əziz tutulacaq və o, daim qəlblərdə yaşayacaq.

"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Fəxrlə qeyd etdiyimiz şanlı Zəfərdə Namiq Əhmədovun da payı olduğunu bildirib. Məhz İyul döyüşlərindən yol alan qalibiyyətimizin 44 günlük Vətən müharibəsində gerçəkləşdiyini, Namiq kimi oğullarımızın qisasını almaq üçün Vətən müharibəsində minlərlə gəncin Ali Baş Komandanın ətrafında yumruq tək birləşdiyini qeyd edib. Aprel döyüşlərində, İyul döyüşlərində, 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan Namiq kimi oğullarımızın hər birimizin əzizi, fəxr, qürur yeri olduğunu, Azərbaycan dövləti var olduqca şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını vurğulayıb.  

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. H.Əhmədov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizindoğum günündə onun xatirəsinin yad olunmasını Namiqin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. 

Mayor Əhmədov Namiq Hajan oğlu


Şəhid mayor Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və "N” saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan övladı yadigar qalıb.

Qəhrəman mayorumuzun döyüş meydanında göstərdiyi igidliyi Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. O, ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Onu da qeyd edək ki, rayon rəhbərliyi tərəfindən şəhidimizin evinin təmiri başa çatdırılaraq 40 mərasimi günü ailəsinə təqdim olunub.






 

GOYEZEN.AZ



Facebook-da paylaş