Göstərdiyi igidliyə görə beş medalla təltif olunan Vətən müharibəsi şəhidi əsgər Elçin Qurbanovun ildönümündə xatirəsi anılıb
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərən bir qələbə oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixinə şanlı Zəfər, yeni bir salnamə yazdılar. Azərbaycanın mərd, qəhrəman övladları 44 gündə işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovmağa müvəffəq oldular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Və həmin torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır.
Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən qəhrəman oğullarımızdan biri də şəhid əsgər Qurbanov Elçin Məcid oğludur.
Bu gün Vətən uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə ucalmış Elçin Qurbanovun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə” medalları atasına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qazandığımız tarixi Qələbənin, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib.
İcra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Elçin Qurbanovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Bu gün Elçin kimi qəhrəman oğullarımızın təkcə doğulduğu el-obanın deyil, bütöv Azərbaycanın fəxri olduğunu, igid Vətən oğlu ilə hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Elçin kimi qəhrəman oğullarımızla bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu bildirib. Bizlərə şanlı Zəfəri bəxş edən bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını, qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib.Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər kəsə nümunə olduğunu söyləyib.
Əsgər Qurbanov Elçin Məcid oğlu
Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.
Elçin Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. "N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborun tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raket manqasının operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş