2020-ci ilin 27 sentyabrında başlayan və 44
gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə düşməni məhv etməklə
yanaşı, həm də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərən bir qələbə
oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun
əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla
Azərbaycanın hərb tarixinə şanlı Zəfər, yeni bir salnamə yazdılar. Azərbaycanın
mərd, qəhrəman övladları 44 gündə işğalçı Ermənistan ordusunu darmadağın edərək
düşməni torpaqlarımızdan qovmağa müvəffəq oldular. Müzəffər Ali Baş Komandanın
qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni
işğalından azad edildi. Və həmin torpaqlarımızda bu gün üçrəngli Azərbaycan
Bayrağı dalğalanır.
Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən
qəhrəman oğullarımızdan biri də şəhid əsgər Qurbanov Elçin Məcid oğludur.
Bu gün Vətən uğrunda canını fəda edərək Şəhidlik
zirvəsinə ucalmış Elçin Qurbanovun ata ocağında ildönümü qeyd olunub,
şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad
edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə” medalları atasına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, Milli Məclisin deputatı
Ülviyyə Ağayeva, köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin
sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Şəmistan Şahvələdov
adına Xanlıqlar kənd tam orta məktəbin müəllim və şagirdləri, Vətən
müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə
üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov şəhidimizə Allahdan
rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini
çatdırıb. Rayon rəhbəri qazandığımız tarixi Qələbənin, 8 noyabrda qeyd
etdiyimiz şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə,
şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib.
İcra başçısı Vətən müharibəsində canlarını torpaq
üçün fəda edən bütün şəhidlərimiz kimi, Elçin Qurbanovun da Azərbaycan
xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Bu gün Elçin kimi
qəhrəman oğullarımızın təkcə doğulduğu el-obanın deyil, bütöv Azərbaycanın fəxri
olduğunu, igid Vətən oğlu ilə hər bir azərbaycanlının qürur duyduğunu,
şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu
olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri
qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda
da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən
qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd
edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva şəhidimizə
Allahdan rəhmət, ailəsinə səbir diləyib. Elçin kimi qəhrəman oğullarımızla bütöv
Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu bildirib. Bizlərə şanlı Zəfəri bəxş edən bütün şəhidlərimizin
xatirəsinin daim əziz tutulacağını, qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib.Ölkə Prezidenti İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə
göstərdiyi diqqət və qayğının hər kəsə nümunə olduğunu söyləyib.
Əsgər Qurbanov Elçin Məcid oğlu
Şəhid
Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan
olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin
1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini
bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.
Elçin Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının
düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. "N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş
taborun tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raket manqasının
operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində
gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq
Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin
Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına
əsasən "Füzulinin azad
olunmasına görə”, "Cəbrayılın
azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Geri qayıt
|