Qazaxda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Respublika Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən artıq 15 ildir ki, dövlət qulluqçuları bu günü özlərinin peşə bayramı kimi qeyd edirlər.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 23 iyun dövlət qulluqçularının peşə bayramı qeyd olunub.
Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının əməkdaşları Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb.
İcra başçısı qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb.
Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər.
Rayon rəhbəri bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır və tapacaq. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi tapşırıqlar verilib.
Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayır.
İcra Başçısı bildirib ki, Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir. Son 15 ildə dövlət qulluğunda çalışanların böyük əksəriyyətinin gənclər təşkil etdiyini bildirən icra başçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluğu ilə bağlı imzalanan fərman və sərəncamların da məhz gənc kadrların önə çəkilməsinə xidmət etdiyini bildirib.
Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir. Ölkə başçısı hər zaman vətəndaşların maddi və sosial rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə vətəndaşlarının xoş güzəranını düşünür.
İcra başçısı qeyd edib ki, bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil və suveren Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Hər bir dövlət qulluğunda çalışan vətəndaşın da ən böyük vəzifəsi görülən işlərə qiymət vermək, ölkəmizdə yürüdülən siyasəti olduğu kimi dəstəkləmək və bu yolda ölkə rəhbərinin yanında olduğumuzu, həmrəylik nümayiş etdirdiyimizi göstərməliyik.
Rayon rəhbəri bildirib ki, ölkə Prezidentinin dövlət qulluqçuları haqqında söylədiyi "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil. Məsuliyyətdir. İnsanlara xidmət imkanıdır” fikrini hər bir dövlət qulluqçusu öz əməli işi ilə hər zaman doğrultmağa çalışmalıdır. Hər bir dövlət qulluqçusu üzərinə düşən məsuliyyəti dərk edərək vətəndaşlara, xalqa xidmət etməyi özünün həyat amalı, məqsədi hesab etməlidir. Vətəndaşların müraciətini, qayğısını özünün qayğısı hesab etməli, daim vətəndaş məmnunluğunu təmin etməlidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir qrup dövlət qulluqçusuna peşə bayramları münasibətilə və əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar təqdim edilib.
Qazax RİH başçısının birinci müavini Alıyev Məmməd Oruc oğlu, Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vəliyev Adil Seyfəddin oğlu, Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Rüstəmov Ceyhun Nadir oğlu, Qazax RİH başçısı aparatında Böyük məsləhətçi - "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın məsul katibi Hüseynzadə Nərmin Mübariz qızı, Qazax RİH başçısının Ağköynək kənd İƏD-si üzrə nümayəndəsi Hacıyev Aydın Telman oğlu, Qazax RİH başçısının Aslanbəyli kənd İƏD-si üzrə nümayəndəsi Pirməmmədov Məhəmməd Xəlid oğlu, Qazax RİH başçısının Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Mirzəyev Zahid Mahmud oğlu, Qazax RİH başçısının Cəfərli kənd İƏD-si üzrə nümayəndəsi Allahverdiyev Nizami Qəzənfər oğlu, Qazax RİH başçısının Fərəhli kənd İƏD-si üzrə nümayəndəsi Vəliyev Nəsimi Vəli oğlu və Qazax RİH başçısının Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Şəmşiyev Nəsib Məmməd oğlu təltif olunublar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev təltif olunan dövlət qulluqçuları adından onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlığını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş