• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyev xalqın xilaskarıdır


1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. Xalqın böyük dövlət xadimi Heydər Əliyevə yüksək etimad göstərməsindən qısa müddət sonra nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı.
Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu. Ulu Öndər Heydər Əliyev bəhs olunan andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdi: "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.
Beləliklə, Azərbaycan demokratik inkişaf yolunda uğurla irəlilədi, mühüm nailiyyətlər qazanıldı. Vurğuladığımız kimi, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, ictimai-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. "Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və genişmiqyaslı işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. O da qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə bir daha sübut etdik ki, bu Qələbə təsadüfən qazanılmadı. Bu nailiyyətin arxasında da illərin təcrübəsi, Ulu Öndərin bizlərə göstərdiyi yol xəritəsi, verdiyi tapşırıq və tövsiyələr, ən əsası da bir ata vəsiyyəti dayanır. İllər öncə ürəklərdə cücərən, boy atan qalibiyyət istəyi 30 illik həsrətdən sonra əldə etdiyimiz böyük Zəfərlə gerçək oldu. Ali Baş Komandan Ulu Öndərin yarım qalan arzularını, istəklərini gerçəkləşdirdi. Ulu Öndərin bütöv görmək istədiyi Azərbaycanı dünyanın qalib ölkəsi etdi. Bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan bundan sonra da günəş kimi doğacaq. Qalib ölkənin vətəndaşları olan 10 milyonluq Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq içində yaşayacaq.
Leyla CİVİŞOVA,
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasının müəllimi



Facebook-da paylaş