İcra başçısı Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn əsgər Əvəz Məmmədovun 20 yaşını ailəsi ilə birlikdə qeyd edib
Azərbaycanın
parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün
dünyaya çatdıran Qarabağ adlı savaşımız! Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında
şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir
ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı
və mərdliyi ilə Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini bütün dünyaya
çatdırdı. Bu gün hər birimiz qalib ölkənin vətəndaşı olaraq Müzəffər Ali Baş
Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən şanlı ordumuzun əsgərlərinə,
zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə
minnətdarıq. Qarabağ uğrunda
gedən Vətən müharibəsinin qəhrəmanlarından biri də 19 yaşında Şəhidlik zirvəsinə
yüksələn əsgər Məmmədov Əvəz Elnur
oğludur. Bu gün yaşasaydı 20 yaşını qeyd edəcəkdi Qazaxın igid
oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti
İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif olunmuş
igid Vətən oğlunun doğum günü, yubiley yaşı qeyd olunub. Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını əldə
rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların
ailələrini, məzarlarını ziyarət edir, onların əziz xatirələrini ehtiramla anır. Öz ənənəsinə sadiq qalan rayon
rəhbəri 44 günlük Vətən müharibəsinin şəhidi əsgər Əvəz Məmmədovun da 20 yaşını ailəsi ilə birlikdə qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Gulaya Həsənova, RİH başçısı aparatında
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük
məsləhətçisi Məhəmməd Xəlilli, Milli Məclisin deputatı Səməd
Seyidovun köməkçisi Akif Əmirov və ailə üzvləri ilə birlikdə Çaylı
kəndindəki Şəhidlər xiyabanında şəhidimizin məzarını ziyarət edərək tər qərənfillər
düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri
və qonaqlar Bala Çaylı kəndində Əvəz Məmmədovun doğulub boya-başa çatdığı
evində olub, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə
səbir diləyiblər. Şəhidimizin şəxsi əşyalarından,
şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı Əvəz kimi igid, cəsur
oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının
qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Əvəzin xatirəsinin daim əziz
tutulacağını bildirib və şəhidimizin xatirə dəftərinə öz ürək sözlərini yazıb.
Rayon rəhbəri ölkə Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsində qazandığı şanlı Qələbədə payı olan Əvəz kimi qəhrəman
oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda
əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan
Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Əvəz tək oğullarımızla hər kəsin qürur
duyduğunu vurğulayıb. "Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdiyi diqqət və qayğı hər birimiz üçün örnək olmalıdır”, -
deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz dövlət
qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var
şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını
söyləyib. Şəhidin nənəsi Məmləkət Məmmədova hər zaman onlara
göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon
rəhbərliyinə minnətdarlığını bildirib. Nəvəsinin doğum günündə onun xatirəsinin
yad olunmasını Əvəzin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın
bariz nümunəsi kimi qiymətləndirib. "Bu gün Əvəzimi heç nə əvəz etmir. Gecə
yuxuma gəldi. Əynindəki paltarı çox parıldayırdı. Dedi nənə paltarımı təzə
veriblər. Bu gün evimizin bir otağında Əvəzin şəkillərindən ibarət guşə var,
sanki Əvəzin varlığı, ruhu o otaqdadır. Tək təsəllimiz odur ki, Əvəz təkcə
bizim övladımız deyil, bütün elin-obanın oğlu oldu”, - deyən Məmləkət ana
nəvəsi ilə hər zaman fəxr etdiyini qeyd edib. Əsgər Məmmədov Əvəz Elnur oğlu Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə
Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta
məktəbin 1-ci sinfinə daxil
olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi
xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N”
saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi
əsgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun
qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı
kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn
edilmişdir. Subay idi. Vətənə olan xidməti
borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin
döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən
yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda” medalı ilə təltif olunmuşdur. Azərbaycanın
azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban
vermiş, qəhrəmancasına həlak olmuş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsini hər zaman ehtiramla yad etmək, onları tanımaq və tanıtmaq, daim qəlbimizdə
yaşatmaq vətəndaş olaraq hər birimizin müqəddəs borcu olmalıdır. "Bu Vətən bizimdir!” deyib canından keçən igid
şəhidimiz Əvəz Məmmədovun xatirəsini də dərin ehtiramla yad edir, ruhu
qarşısında baş əyirik. Bütün şəhidlərimiz kimi Əvəz də hər an bizim qəlbimizdədir,
o, ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!.
GOYEZEN.AZ
Facebook-da paylaş