Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn əsgər Əvəz Məmmədovun 20 yaşını ailəsi ilə birlikdə qeyd edib

İcra başçısı Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn əsgər Əvəz Məmmədovun 20 yaşını ailəsi ilə birlikdə qeyd edib


1-06-2021, 20:36

Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Qarabağ adlı savaşımız! Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini bütün dünyaya çatdırdı. Bu gün hər birimiz qalib ölkənin vətəndaşı olaraq Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə minnətdarıq.

Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanlarından biri də 19 yaşında Şəhidlik zirvəsinə yüksələn əsgər Məmmədov Əvəz Elnur oğludur.


Bu gün yaşasaydı 20 yaşını qeyd edəcəkdi Qazaxın igid oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif olunmuş igid Vətən oğlunun doğum günü, yubiley yaşı qeyd olunub. 

Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, onların əziz xatirələrini ehtiramla anır.

Öz ənənəsinə sadiq qalan rayon rəhbəri 44 günlük Vətən müharibəsinin şəhidi əsgər Əvəz Məmmədovun da 20 yaşını ailəsi ilə birlikdə qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov və ailə üzvləri ilə birlikdə Çaylı kəndindəki Şəhidlər xiyabanında şəhidimizin məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.

 

Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar Bala Çaylı kəndində Əvəz Məmmədovun doğulub boya-başa çatdığı evində olub, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.

Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı Əvəz kimi igid, cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Əvəzin xatirəsinin daim əziz tutulacağını bildirib və şəhidimizin xatirə dəftərinə öz ürək sözlərini yazıb.


 

Rayon rəhbəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədə payı olan Əvəz kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Əvəz tək oğullarımızla hər kəsin qürur duyduğunu vurğulayıb.

"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər birimiz üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını söyləyib.


Şəhidin nənəsi Məmləkət Məmmədova hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Nəvəsinin doğum günündə onun xatirəsinin yad olunmasını Əvəzin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. "Bu gün Əvəzimi heç nə əvəz etmir. Gecə yuxuma gəldi. Əynindəki paltarı çox parıldayırdı. Dedi nənə paltarımı təzə veriblər. Bu gün evimizin bir otağında Əvəzin şəkillərindən ibarət guşə var, sanki Əvəzin varlığı, ruhu o otaqdadır. Tək təsəllimiz odur ki, Əvəz təkcə bizim övladımız deyil, bütün elin-obanın oğlu oldu”, - deyən Məmləkət ana nəvəsi ilə hər zaman fəxr etdiyini qeyd edib.



Əsgər Məmmədov Əvəz Elnur oğlu


Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.



Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, qəhrəmancasına həlak olmuş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsini hər zaman ehtiramla yad etmək, onları tanımaq və tanıtmaq, daim qəlbimizdə yaşatmaq vətəndaş olaraq hər birimizin müqəddəs borcu olmalıdır. "Bu Vətən bizimdir!” deyib canından keçən igid şəhidimiz Əvəz Məmmədovun xatirəsini də dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Bütün şəhidlərimiz kimi Əvəz də hər an bizim qəlbimizdədir, o, ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!.


 

GOYEZEN.AZ


Geri qayıt