• Təqvim

  • Maraq



Qazaxda icrasına başlanılan “Abad məhəllə” layihəsi rayonun simasını tamamilə dəyişəcək


Son 4 il və sözün əsl mənasında gündən-günə siması dəyişən, özünün intibah dövrünü yaşayan Qazax rayonu. Bəli, bu qısa zaman kəsiyində Qazax yeni bir inkişaf, tərəqqi yolunda uğurla addımladı. Bu gün rayonda elə bir sahə olmaz ki, bu illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayasan. Elm, təhsil, səhiyyə, idman, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlər onu sübut edir ki, Qazax hər bir sahədə uğur qazana bilər. Son illər Qazaxda bir sahə də daha geniş vüsət almağa başladı. Hansı ki, bu sahənin inkişafı sayəsində Qazax böyük bir tikinti meydançasını xatırladır. Bu, 2016-cı ildən start verilən abadlıq və quruculuq işləridir. Sevindirici hal isə odur ki, bu illər ərzində görülən işlərin miqyası ildən-ilə daha böyük vüsət aldı və almaqda da davam edir.

Bu illər ərzində rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir daha onu göstərir ki, illər ötür və Qazax respublikamızın ən abad rayonlarından birinə çevrilir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinə, yəni 2019-cu ilə nəzər yetirsək görərik ki, Qazaxda Dövlət Proqramının icrası uğurla həyata keçirilib. Qazaxda rayon üçün böyük əhəmiyyət daşıyan və rayon sakinlərinin uzun müddət arzusunda olduğu layihələrin - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin başa çatdırılması, su və kanalizasiya sisteminin çəkilişinin uğurla davam etdirilməsi yola saldığımız ilin ən yaddaqalan hadisələridir. Bundan başqa, Dövlət Proqramına təmirə ehtiyacı olan 11 məktəbin salınması, 2019-cu ilin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi, bu gün Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsi, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisi həm proqramın uğurla icra edilməsi, həm də gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısıdır. Rayonda azyaşlı körpələrə göstərilən qayğını, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraiti özündə əks etdirən bağçalardakı təmir işləri də 2019-cu ildə daim diqqət mərkəzində saxlanıldı. Yenə də ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçası, may ayında isə Qazaxbəyli kənd uşaq bağçası istifadəyə verildi. Beləliklə, rayon üzrə mövcud olan 25 bağçadan 22-si müasir standartlara cavab verən səviyyəyə çatdırıldı.


Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların icrası Qazaxda da olduğu kimi həyata keçirildi. 10 mindən çox əhalinin yaşadığı rayonun ən böyük yaşayış məntəqəsinə - Daş Salahlı, eləcə də Ürkməzli Dəmirçilər kəndlərinə ümumi uzunuluğu 16 km olan yeni asfalt yolun çəkilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Sadaladıqlarımız, eyni zamanda qeyd etmədiyimiz bütün bu işlər onu söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qərbin qapısı sayılan Qazaxda Dövlət Proqramında mühüm yer tutan abadlıq və quruculuq işlərinə 4 il öncə necə start verilmişdisə, bu gün də o cür davam etdirilir.

Bu gün Qazaxda "Abad məhəllə” layihəsinin icrasına başlanılması və işlərə böyük sürətlə start verilməsi də bunun bariz nümunəsidir. Bu layihə onu sübut edəcək ki, qısa bir vaxtda rayonun siması sözün yaxşı mənasında tamamilə dəyişəcək. Respublikamızın iri şəhər və rayonlarında olduğu kimi, Qazax da daha yeni görkəm alacaq, abad və müasir rayon olaraq tarixə öz adını yazdıracaq.

Bəli, artıq bir neçə gündür ki, haqqında söhbət açdığımız layihəyə start verilib. İlk olaraq da su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən başlanılıb. Hazırda binaların həyətində olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradılır. Lazım olan hissələrə asfalt döşənəcək. Dekorativ gül kolları əkilərək park salınacaq. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alacaq və bütün gözəllikləri özündə əks etdirən "Abad məhəllə” adı altında rayonumuzun ünvanına yazılacaq.

İstər "Abad məhəllə” layihəsinin icrasını, istərsə də yaşadıqları ərazidə aparılan abadlıq və quruculuq işlərini bina sakinləri də razılıq hissi ilə qarşılayırlar. Həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyinə sonsuz minnətdarlıqlarını çatdırırlar. 4 il öncə Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon sakinləri olaraq hər zaman yüksək qiymətləndirirlər.



















 

GOYEZEN.AZ



Facebook-da paylaş