• Təqvim

  • Maraq



Qazaxda 6 Dekabr - rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı qeyd olunub


6 Dekabr - Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür. 1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb. Peşə bayramı Respublika Prezidenti cənab İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. Rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilər onlar üçün böyük önəm kəsb edən 6 dekabr tarixini 13 ildir ki, peşə bayramı günü kimi qeyd edirlər.

Respublikamızın hər yerində olduğu kimi Qazaxda da əlamətdar gün münasibətilə tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra aparatının məsul işçiləri, Qazax Telekommunikasiya Qovşağının, "Azərpoçt” MMC-nin Qazax Poçt filialının əməkdaşları iştirak ediblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 6 Dekabr - rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə başda olmaqla bu sahədə çalışan insanları və hər iki müəssisənin kollektivini təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Zəngin tarixi köklərə malik olan Azərbaycan rabitəsinin dünənindən və bu günündən söz açan icra başçısı bütün sahələrdə olduğu kimi rabitə və texnologiya sahəsinin də son illər uğurla inkişaf etdiyini bildirib. Rayon rəhbəri qeyd edib ki, bütün sahələrdə olduğu kimi Azərbaycanda rabitənin inkişafı da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilmişdi. Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət almışdı. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu. İcra başçısı bildirib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanda bütün sahələrlə yanaşı rabitə və informasiya sahəsinin inkişafında da yeni bir mərhələ başlandı. Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyinin ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından əlamətdar oldu. Ötən müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı. Respublika Prezidenti İlham Əliyevin 12 yanvar 2018-ci il tarixli "Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq Fərmanı bu sahədə effektiv idarəetmənin və dövlət siyasətinin həyata keçirilməsinə böyük imkan yaratdı. İcra başçısı qeyd edib ki, dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da və "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə sahənin inkişafı ilə bağlı konkret hədəflərin müəyyən edilməsi ölkəmizin bu sahədəki uğurlarından xəbər verir.


 

Qazax Telekommunikasiya Qovşağının rəisi Əyyub Dünyamalıyev və "Azərpoçt” MMC-nin Qazax Poçt filialının direktoru Ədalət Hüseynov çıxış edərək öz növbələrində kollektivlərini təbrik ediblər. Bugünkü tədbiri onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirərək rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda "6 Dekabr - Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibətilə və əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə” rabitə və poçt işçilərinin bir qrupuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib. Fəxri Fərmana layiq görülmüş Elmar Ömərov, Sevinc Yusubova, Bəturə Qurbanova və Pərvanə Dünyamalıyeva onlara göstərilən yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bir daha səmimi təbriklərini çatdırıb, müstəqil, suveren dövlət olan Azərbaycanın bundan sonra da yüksəklərdə olması naminə gördükləri bütün işlərdə uğurlar arzulayıb.




 

GOYEZEN.AZ                                                                                                                                 



Facebook-da paylaş