Təmir olunan çoxmənzilli binalarda son tamamlanma işləri görülür
Bu gün tam əminliklə deyə bilərik ki, ölkə rəhbəri tərəfindən düşünülmüş siyasətin, Azərbaycan
dövlətinin son illər nail olduğu uğur və nailiyyətlərin əsasını ölkədəki
əmin-amanlıq, sabitlik, bir də vətəndaş amili təşkil edir. Dövlət başçısının
apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz uzun illər ərzində uğurlu
inkişafını təmin edə bilib. Təqdirəlayiq haldır ki, paytaxtla yanaşı,
respublikamızın bütün bölgələri də inkişaf edir. İstər elm, təhsil, mədəniyyət,
istər kənd təsərrüfatı, istərsə də abadlıq və quruculuq sahəsində bu inkişafın
şahidi oluruq. Ölkə Prezidenti
İlham Əliyevin diqqət və qayğısı sayəsində son 3 ildə özünün inkişaf dövrünü
yaşayan rayonlardan biri də Qazax rayonudur. Bu gün rayonda elə bir sahə
tapılmaz ki, həmin sahədə olan yeniliyin, uğur və nailiyyətin şahidi olmayaq.
Əsas diqqət çəkən məqam isə odur ki, hər bir işin arxasında vətəndaşlar və
onların qayğıları dayanır. Bu gün rayonda bütün sahələrlə yanaşı, çoxmənzilli
yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Ölkə
başçısı İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən bu gün rayonda
mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir
olunaraq sakinlərin istifadəsinə verilməsi sakinlərin yaşayış şəraitinin
yaxşılaşdırılması deməkdir. Ötən ildə olduğu kimi, bu
il də çoxmənzilli binaların təmirinə böyük sürətlə start verilib. Hazırda
şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən
ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, 127,
171, Azadlıq küçəsi 107 saylı, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5
mərtəbəli, 30 mənzilli binada, eləcə də Ələddin Qədirov küçəsində yerləşən 2
mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da təmir işləri
aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin
istəyi nəzərə alınaraq xeyir-şər evi tikilib. Azadlıq küçəsində yerləşən
31,32,33 saylı binaların dam örtüyünün dəyişdirilməsi işi də başa çatıb. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin H.Əliyev prospektində yerləşən 175
və 173 saylı binalarda görülən son tamamlanma işləri ilə tanış olub. Rayon rəhbərinə məlumat
verilib ki, hər iki binada bloklarda əsas işlər yekunlaşıb. Belə ki, suvaq və
üzlük vurulması, elektrik xətlərinin səliqəyə salınması tam başa çatıb. Bundan
başqa, blokların giriş hissəsinə yeni qapılar qoyulub. Hazırda binaların xarici
fasadında suvaqdan sonra ikinci qat üzlük vurulması işləri aparılır və
yekunlaşmaq üzrədir. Həmçinin, binaların həyətində aparılan abadlıq işləri də bitib. Rayon rəhbəri işlərin sürətləndirilməsini
bildirib və bəzi tapşırıqlarını verib. Yaşadıqları binaların təmir
olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda,
eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı
İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZH.Əliyev prospekti 175 saylı bina
H.Əliyev prospekti 175 saylı bina
H.Əliyev prospekti 173 saylı bina
Facebook-da paylaş