Qazaxda daha bir çoxmənzilli binanın təmiri uğurla davam etdirilir
Bu gün sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt uğurla davam etdirilir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial islahatların əhatə dairəsi genişləndirilir. Ölkə başçısının əhalinin məşğulluğunun və rahat yaşayışının təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr respublikada həyata keçirilən sosial siyasətin və aparılan quruculuq işlərinin əsasını təşkil edir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hər il paytaxtla yanaşı, respublikamızın bölgələrində ictimai yaşayış binaları tikilərək istifadəyə verilir və yaxud da mövcud çoxmənzilli yaşayış binaları əsaslı şəkildə təmir olunur. Dövlət başçısının bununla bağlı verdiyi çoxsaylı Sərəncamlar bunu bir daha sübut edir.
Respublikanın digər bölgələrində aparılan geniş abadlıq-quruculuq işləri son iki il yarımdır ki, Qazax rayonunda da uğurla həyata keçirilir. Rayonda demək olar ki, bütün sahələr üzrə bu quruculuq işlərini görmək olar. Ölkə başçısının diqqət və qayğısı sayəsində reallaşan işlərdən biri də rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasıdır. Belə ki, rayonda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər daha geniş vüsət alıb. Prezident İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78, bu il isə daha 47 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və yaxud da təmir olunması, bir binanın həyətində bu işin davam etdirilməsi bu sahədə görülən işlərin əyani sübutudur.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsi rayon sakinlərinə göstərilən diqqət və qayğının təzahürüdür.
Rayonda çoxmənzilli binalarda aparılan əsaslı təmir işləri bu gün də davam edir. Belə ki, şəhərin Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada əsaslı şəkildə təmir işlərinin aparılması görülən işlərin yüksələn templə davam etməsindən xəbər verir.
Rayonda əsaslı şəkildə təmir olunan çoxmənzilli binalardan biri də şəhərin N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı binadır.
Binanın istər bloklarında, istərsə də xarici fasadında işlər paralel olaraq aparılır. Hazırda bloklarda və xarici fasadda üzlük vurulur. Elektrik, qaz xətləri səliqəyə salınır. Bloklara giriş qapıları qoyulub. Həyətdə olan köhnə daşlar sökülərək səliqəyə salınır, blokların giriş hissəsinə beton tökülür. Bundan başqa, binanın kənarında sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün yeni beton pilləkanlar qoyulub. Həyətdə olan qarajların xarici fasadı suvanaraq rənglənib.
Çoxmənzilli yaşayış binasında görülən əsas işlərdən biri də bina sakinlərinin istəyini nəzərə alaraq binanın həyətində xeyir-şər evinin tikilməsidir. Hazırda xeyir-şər evinin xarici və daxili fasadında suvaq işləri aparılır.
Çoxmənzilli binalarda görülən işləri rayon sakinləri də yüksək qiymətləndirirlər. Respublikamızda, eləcə də rayonda görülən genişmiqyaslı abadlıq, quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş