Qazax xalçasının şöhrətini qaytaranlar
Respublika mətbuatı Qazax haqqında
Xalçaçılıq Azərbaycanın qədim və ənənəvi sənət növlərindən sayılır. Xalq tətbiqi sənətinin qollarından olan xalçaçılıq milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, həm də sənət əsəri, gözəllik daşıyıcısı, müalicə vasitəsidir.
Bu yerdə görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” əsəri yada düşür. Əsərdə Sona xalanın dili ilə deyilən "İtə ataram, yada satmaram” el məsəli xalçanın azərbaycanlılar üçün nə qədər əhəmiyyətli olmasını əks etdirir.
Arxeoloji materiallara və yazılı mənbələrə əsaslanaraq demək olar ki, Azərbaycanda xalçaçılıqla tunc dövründən məşğul olmağa başlamışlar. Minilliklər ərzində Azərbaycanın müxtəlif bölgələrində toxunan xalçaların xüsusiyyətlərini əks etdirən bir neçə xalçaçılıq məktəbləri formalaşmışdır ki, onlardan biri də Qazax xalçaçılıq məktəbidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilib. Deyilənə görə, hələ keçən əsrin əvvəlində burada yaşayan hər bir Azərbaycan ailəsi ildə 4-5 xalça toxuyardı. Cavan gəlinlərin özlərinə cehizlik xalçalar toxuması isə buranın el adəti idi. Qədim zamanlarda qıza elçi gələndə onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verirlərmiş. Elçilər onun toxuduğu xalçalara baxmaqla təkcə qabiliyyətini deyil, həm də xasiyyətini müəyyənləşdirirmişlər.
Orta əsrlərdə Qazax xalçaları Gəncə, Bərdə, Bakı, Tiflis bazarlarında geniş yayılmışdı. Bu xalçalar başqa bölgələrin xalçalarına nisbətən ucuz olsa da, öz keyfiyyəti ilə seçilirdi. Həm ucuz və həm də orijinal çeşidinə görə əcnəbilər ona daha çox maraq göstərmişlər. Məhz bunun nəticəsidir ki, hazırda Qazax xalçaları dünyanın bir çox məşhur muzeylərində saxlanılır. Məsələn, XIV əsr Qazax xalçası Berlinin İncəsənət Muzeyində, XVIII əsr xalçaları Nyu Yorkun Metropol, Londonun Viktoriya və Albert, Budapeştin İncəsənət muzeylərində və digər yerlərdə nümayiş etdirilir.
Qazax xalçalarının naxışları orta əsrlərdə Avropa rəssamlarının da marağına səbəb olmuşdu. İtalyan rəssamı Karlo Krivelonun Londonun Milli Qalereyasında saxlanılan "Müjdə” (1486), alman rəssamı Hans Holbeynin "Elçilər” (1533) əsərlərində bu xalçaların təsviri verilmişdir.
SSRİ dağılandan sonra təəssüf ki, Azərbaycanda bir çox sahələr kimi xalçaçılıq da tənəzzülə uğradı. Xalça istehsalı azalmaqla yanaşı, onun satışı da aşağı düşdü. Nəticədə milli-mənəvi dəyərlərin təbliğində əhəmiyyətli rol oynayan xalça istehsalı demək olar dayandı.
Lakin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu vacib sahə yenidən bərpa olundu. Xalçaçılıq ənənələri olan bölgələrdə "Azərxalça” ASC-nin filialları açıldı. Belə filiallardan biri Qazax rayonunda fəaliyyətə başladı. Bunun da nəticəsində vaxtilə şan-şöhrəti dünyaya yayılmış Qazax xalçalarının istehsalı yenidən bərpa edildi.
Müəssisə 150 nəfər üçün nəzərdə tutulsa da, hazırda filialda 90 nəfər çalışır. Bu yaxınlarda kurslara cəlb edilmiş daha 10 nəfər toxucu da burada fəaliyyətə başlayacaq. Ümumiyyətlə, filialda işləyən bütün toxucular kurslardan keçmişlər. Onlar müəssisə inşa edilərkən müxtəlif bölgələrdəki kurslarda iştirak etmiş, sənətin sirlərini mənimsəmişlər. Bundan başqa, qazaxlı toxucular arasında yaşlı nəslin nümayəndələri də var ki, onlar da gənc qızlara bu peşəni öyrənməkdə yaxından kömək göstərirlər.
Xalidə Yolçuyevanın 60 yaşı var. Həyatı boyu xalça toxumaqla məşğul olub, zəngin təcrübə qazanıb. İndi Gülbahar Mustafayevaya, Sevinc Hüseynovaya, Şahnaz Əliyevaya xalça toxuculuğunun sirlərini öyrədir. Təcrübəli toxucu Qənirə Əbdürrəhmanovanın da bu sənətdə böyük təcrübəsi var. Deyir ki, sağ olsun, dövlət başçısını, ölkəmizdə xalça toxuculuğu itib-batmışdı: "Onun səyi ilə bu vacib sahə yenidən dirçəldi. İndi həm ata-baba peşəmizi davam etdirir, həm də ailəmizin dolanışığını təmin edirik. Əməkhaqqımız toxuduğumuz xalçaya görə ödənilir”.
Filialda çalışanlar üçün hər cür rahatlıq təmin edilmişdir. İşçilər müəssisənin xüsusi avtobusu ilə işə gətirilib aparılır. Burada yeməkxana, tibb otağı, kitabxana, duşxana var. İşçilərin istirahəti üçün yerlər yaradılmışdır.
Filialda əlillər üçün də xüsusi şərait var. Sahibə Xəlilova və Rübabə Mahmudova söhbət zamanı dedilər ki, heç ağlımıza da gətirməzdik ki, burada çalışa bilək: "Ancaq gəlib görəndə əmin olduq ki, bizim dövlət əlillərin qayğısına qalır. Toxuculuq oturaq iş olduğu üçün işdə heç bir çətinliyimiz yoxdur”.
Müəssisədə şəhid ailələrinə də xüsusi qayğı ilə yanaşılır. Şəhid olmuş Niftalı İbrahimovun qızı Humay burada toxuculuqla məşğuldur. Ona göstərilən xüsusi hörmət və qayğıdan razıdır: "Burada hamı bir ailənin üzvü kimidır. Hamı bir-birinə mehriban və qayğıkeşliklə yanaşır”.
Bu xanımların barmaqları ilə ərsəyə gələn nəfis xalçalara - "Qazax”, "Gəncə”, Qarabağ”, "Naxçıvan”, "Şirvan”, "Quba” xalçalarına tamaşa etməkdən doymaq olmur. Minilliklərlə yol keçən və xalqımızın milli adət-ənənələrini qoruyub saxlayan bu xalçalarda sanki ulularımızın nəfəsi duyulur.
Sex rəisi Razim İbrahimov söhbət zamanı dedi ki, toxunan hər bir xalçaya ad yazılır və bu, həmin xalçanın hansı ölkədə, hansı bölgədə toxunması barədə məlumat verir: "Bundan başqa çalışırıq ki, itib-batmaqda olan xalça növlərini də bərpa edək. Çünki xalçalar Azərbaycan xalqının mədəniyyəti ilə yanaşı, onun milli-mənəvi dəyərlərini və tarixini də yaşadır”.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
11 aprel 2019-cu il
Facebook-da paylaş