• Təqvim

  • Maraq



Qazaxda suvarma arx və kanallarının təmizlənməsi davam edir


Hər bir ölkənin inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sənaye və kənd təsərrüfatıdır. Eyni zamanda, etibarlı ərzaq təminatı da ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair tədbirlər həyata keçirməkdə davam edir. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilməkdədir. Elə buna görə də əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin ən başlıca istiqamətlərindən birini təşkil edir. Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşır və bu proses davam etməkdədir. Nəzərə alsaq ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla yanaşı, iş yerləri ilə təminatda ən böyük pay sahibidir.

Respublika Prezidenti İlham Əliyev kənd təsərrüfatının iqtisadiyyatın çox böyük potensiala malik sektor olduğunu nəzərə alaraq ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür və aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır.

İqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi önəm daşıyır və bu proqrama əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradır.

Sevindirici haldır ki, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar Qazax rayonunda da uğurla davam etdirilir. Bu gün Qazax rayonunda aparılan tikinti-quruculuq işlərinin miqyası ilə yanaşı, həm də kənd təsərrüfatı sahəsində qazanılan uğurları ilə bütün bölgələr arasında seçilir.

Bu uğuru rayonda ildən-ilə artan əkin sahələrinin miqyasından da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

İldən-ilə artan əkin sahələrinin genişləndirilməsinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də hər il rayonda olan suvarma arx və kanallarının təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən işlərdir.

Bu məqsədlə 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.

Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 87,03 km-i təmizlənib. Bunun da 48,28 km-i əl əməyi, 38,75 km-i isə texnika vasitəsilə həyata keçirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Ağköynək, Dəmirçilər, Canalı, Orta Salahlı Aşağı Salahlı kəndlərində olub, arxlarda aparılan təmizlik işləri ilə yaxından maraqlanıb.

Ağköynək kəndində görülən işlərə baxış zamanı rayon rəhbərinə məlumat verilib ki, Ağköynək-Qarapapaq kəndləri üzrə 16,20 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 8,20 km-i əl əməyi, 8 km-i isə texnika vasitəsilə təmizlənəcəkdir. Bu günə kimi isə 4,26 km təmizlənib ki, əl əməyi ilə təmizlənmiş arxın uzunluğu 2,70 km, texnika ilə təmizlənmiş arxın uzunluğu 1,56 km-dir.

Dəmirçilər kəndində arx və kanalların təmizlənməsində də işlər sürətlə davam etdirilir. Görülən işlərlə tanış olan rayon rəhbərinə bildrilib ki,  bu kənd digər kəndlər arasında arxın uzunluğuna görə ən uzun məsafəsi olan kənddir. Belə ki, kənd üzrə 27,10 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 14,00 km-i əl əməyi, 13,10 km-i isə texnika vasitəsilə təmizlənir. Kənddə hələ ki, bu günə kimi 2,65 km arx təmizlənib ki, bu da əl əməyi ilə həyata keçirilib. Rayon rəhbərinin nəzərinə çatdırılıb ki, ümumi kənd sakinləri ilə yanaşı, arx və kanallara yaxın məsafədə pay torpaqları yerləşən sakinlər də fəallıqla iştirak edirlər. İşlərin gedişatı onu deməyə əsas verir ki, qısa zaman kəsiyində əl əməyi ilə görüləcək işlər tam başa çatacaqdır.

Rayon rəhbəri Canalı kəndində görülən işlərlə də maraqlanıb. Tanışlıq zamanı qeyd olunub ki, kənd üzrə 10,83 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 4,60 km-nin texnika, 6,23 km-nin isə əl əməyi ilə təmizlənəcəyi qeyd olunub. Artıq bu günə kimi qeyd olunan məsafədən 2,76 km təmizlənib ki, 1,41 km-i texnika, 1,35 km-i isə əl əməyi vasitəsilə aparılıb.

Orta Salahlı kəndində də arxlarda aparılan təmizlik işlərinin qızğın çağıdır. Kəndlilərin də yaxından iştirak etdiyi bu təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin olunması üçün indidən lazımi hazırlıq işləri görülür. Digər kəndlərdə olduğu kimi, bu kənddə də arxlar alaq otlardan, lildən təmizlənir. 12,70 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 6,60 km-i texnika, 6,10 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 2,50 km təmizlənib ki, bu da əl əməyi ilə həyata keçirilib.

Aşağı Salahlı  kəndində də arx və kanallarda aparılan təmizlik işlərinə böyük sürətlə start verilib. Təmizlənməsi nəzərdə tutulan 25,50 km məsafənin 10,40 km-i texnika, 15,10 km-i isə əl əməyi ilə görülür. Görülən işlərlə tanış olan rayon rəhbərinə bildirilib ki, bu günə kimi 4,09 km artıq təmizlənib. Əl əməyi ilə 3,39 km, texnika ilə 0,70 km arx və kanal kol-kosdan və lildən təmizlənib.

Aşağı Salahlı kənd sakinlərindən Ziyaddın İsmayılov, Ramiz Quluyev və başqaları səmimi ürək sözlərini çatdıraraq bildiriblər ki, hər il arx və kanallarda həyata keçirilən bu ümumrayon işi Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Çıxış edənlər qeyd ediblər ki, ötən il aparılan təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata keçirilir.

Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını bildiriblər. Buna görə də istər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işlərini kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

Bütün kəndlərdə suvarma arx və kanallarının təmizlənməsini yüksək qiymətləndirən kəndlilər və təsərrüfatla məşğul olan insanlar payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. İcra başçısının onlarla görüşməsini, işlərlə yaxından tanış olmasını rayonda kənd təsərrüfatının inkişafına, xüsusilə də sadə kəndlilərə olan diqqət və qayğı kimi qiymətləndiriblər.

Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət aparıb, onların fikirlərini dinləyib.

Ağköynək kəndi










Dəmirçilər kəndi
















Canalı kəndi







Orta Salahlı kəndi

















Aşağı Salahlı kəndi



















 GOYEZEN.AZ



Facebook-da paylaş