Xalçaçılar minnətdarlıq ediblər
Qazax şəhərinin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş Xalça müəssisəsi ilk gündən səmərəli fəaliyyət göstərir. Gündən-günə işçi sayını artıran müəssisədə onların rahat şəkildə çalışmaları üçün hər cür şərait yaradılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov xalçaçıların fəaliyyəti ilə tanış olmaq üçün müəssisəyə gəliblər.
Müəssisənin direktoru Nazim İbrahimov məlumat verərək bildirib ki, müəssisə istifadəyə verildikdən dərhal sonra xalça toxunulmasına başlanılıb. Qeyd edib ki, hazırda fabrikdə 100-dən çox xalçaçı çalışır. Qısa müddət ərzində xalçaçılar uğur da qazanıblar. "Xalçaçı günü” münasibətilə müəssisədə çalışan 3 xalçaçı "Azərxalça” ASC-nin Fəxri Fərmanı ilə təltif olunub.
N.İbrahimov müəssisə fəaliyyətə başladığı gündən rayon rəhbərliyi tərəfindən xalçaçılara hər zaman diqqət və qayğı göstərildiyini bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında "Xalçaçı günü”nün yüksək səviyyədə qeyd olunduğunu çatdırıb. Qeyd edib ki, müəssisədə ölçüsü 25 kv.m olan böyük bir xalçanın təqdimat mərasimi də olmuş, iplər kəsildikdən sonra xalça istifadəyə verilmişdir.
Xalçaçı Gülnaz Qurbanova da səmimi ürək sözlərini çatdırıb. Qazaxda belə bir istehsalat müəssisəsinin yaradılmasına, yeni iş yerlərinin açılması və əhalinin işlə təmin olunmasına görə Prezident İlham Əliyevə bütün xalçaçılar adından öz dərin minnətdarlığını bildirib.
Xalçaçılarla səmimi söhbət aparan administrasiya nümayəndəsi müstəqil Azərbaycanın gündən-günə çiçəklənməsi naminə daha böyük nailiyyətlər qazanmalarını arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş